"O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev

17 avqust, 2022 13:20

Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışının tam mətnini təqdim edir:

- Əziz dostlar, bu gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyidir. Bu gün Bakı şəhərinin ən gözəl yerlərindən birində Müslüm Maqomayevin abidəsi ucaldılıb. Biz bu mərasimə toplaşmışıq. Müslümü tanıyanlar, onu sevən insanlar bu gün birlikdə bu gözəl abidəni açacağıq.

Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.

Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub.

Bildiyiniz kimi, Müslüm Maqomayevin atası İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olanda Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü. Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq.

Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.

Tamara və Müslüm - onların hər ikisi böyük sənətkar, dünyaşöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.

Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz.

Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır.

Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.

“Əlvida Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.

Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır. Sağ olun.

***

Sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış etdilər.

***

Daha sonra Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsi üzərindəki örtüyü götürdü.

***

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncam əsasında ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub