Əliyevlə Paşinyan Brüsseldə nələri müzakirə edəcək?
"Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.
Prezidentin köməkçisi daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladıb.
"Bu ayın sonunda Moskvadakı görüşdə nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələlər də müzakirə olunacaq"- deyə Hacıyev vurğulayıb.