"İran Azərbaycanda ciddi məğlubiyyətə uğraya bilər" - MÜSAHİBƏ

29 oktyabr, 2022 10:33

Oktyabrın 21-də Qafanda İranın Baş konsulluğunun açılışı oldu. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Qafandakı yeni baş konsulu Mortez Abedin Varamin açılış mərasimində iştirak ediblər.

"Qafanlılara məsləhət görürəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq", - Varamin "NEWS.am"-ın müxbirinə müsahibəsində bildirib. Bu arada məlum olub ki, Ermənistan da Təbrizdə baş konsulluq açmaq istəyir. Ermənistan parlamentinin sədri Alen Simonyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşdə bu barədə danışıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə açıqlamasında deyib ki, İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin gün jurnalistlərə bildirdi ki, Türkiyə də Şuşada konsulluq açacaq. Regionda nə baş verir?

Siyasi şərhçi Nəsimi Məmmədli mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

***

Sual: Nəsimi bəy, İran Qafanda, Türkiyə isə Şuşada konsulluq açır. Nə baş verir? Regionda Azərbaycan-Ermənistanla yanaşı, Türkiyə və İran da kəllə-kəlləyə gəlir?

Cavab: Sovet İttifaqı 1991-ci ildə dağılanda region dövlətlərindən Türkiyə və İran zəif halda olduqlarına görə regional hərbi-siyasi proseslərdən kənarda qalmışdılar. Regionda əsas söz sahibi Rusiya, ABŞ və Fransa idi. Eyni zamanda bu üç dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi beynəlxalq mandata sahib idi. Xüsusilə də post-sovet məkanında faktiki söz sahibi Rusiya olsa da münaqişələrin nizamlanmasında, regional problemlərin həllində üç dövlət əsasən birgə hərəkət edirdi.

30 il davam edən status-kvo artıq yoxdur. Regionda, o cümlədən də Cənubi Qafqazda tamamilə yeni geosiyasi vəziyyət yaranır. Bu, təkcə 44 günlük Azərbaycan-Ermənistan müharibəsinin deyil, beynəlxalq münasibətlərdə yaranmış böhranın, ziddiyyətlərin, qlobal ekoloji və kiber təhdidlərin nəticəsidir. Xüsusilə də Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə üzləşdiyi iqtisadi-siyasi sanksiyalar onu tədricən zəiflədir. Rusiyanın zəifləməsi ilə paralel regionda geosiyasi rəqabətə yeni dövlətlər daxil olur.

Yeni geosiyasi proseslərin fonunda Cənubi Qafqazda və Orta Asiyada Türkiyənin nüfuzu sürətlə artır. Faktiki olaraq türk dövlərlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq və müttəfiqlik münasibətləri qurulur. İran rejimi məhz bu proseslərdən dərin narahatlıq keçirir. Əməkdaşlıq fürsətindən yararlanmaq əvəzinə onu əngəlləməyə çalışır. 

Rəsmi Tehranın Qafanda konsulluq açması da onun əsl niyyətini göstərir. Zəngilandan Naxçıvana Ermənistan ərazisindən keçməklə koridor açılmasını bütün mümkün vasitələrlə pozmaq istəyir. Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin yaranmaması naminə hətta öz ideoloji dəyərlərini də ayaqlar altına atmağa hazırdır.

Sual: İran rəsmilərinin son bəyanatları, Qafana ermənilərin təhlükəsziliyi üçün gəldiklərini bəyan etmələri,  sərhədlərin dəyişdirilməsinin qarşısını almaq üçün bütün tədbirlərə əl atarıq – deməsi nədən xəbər verir? İranın Ermənistana dəstəyinin və Azərbaycana qarşı açıq bəyanatlar verməsinin arxasında hansı səbəblər dayanır?

Cavab: İranın bu davranışı Azərbaycan və Türkiyə üçün gözlənilməz deyil. SSRİ dağıldıqdan sonra post-sovet ölkələri arasında İranın əsas strateji tərəfdaşı Rusiya və Ermənistan idi. İran 30 ildir bütün resursları ilə Ermənistanı dəstəkləyib. İşğalda olan Azərbaycan ərazilərini Ermənistanla birlikdə söküb dağıdıb, talayıb. Tarixi, dini və mədəni abidələrimizin məhv edilməsində ermənilərə bir dəfə də etiraz bildirməyib.

MDB daxili münasibətlərə görə Rusiya Azərbaycana qarşı özünün birbaşa edə bilmədiyini İranın vasitəsilə edirdi. Azərbaycan ərazilərinin işğalda qalmasına, Ermənistanın təcavüzünə İran davamlı gizli dəstək verirdi. İndi artıq məcburiyyətdən bunu açıq edir. Çünki mövcud şəraitdə bu dəstəyi gizli etmək imkanı xeyli tükənib. Azərbaycan Qarabağda nəzarəti əsasən təmin edib. Ermənistan hökuməti Avropa İttifaqının dəstəyi ilə Azərbaycanla sülh sazişi imzalamaqdan asanlıqla yayına bilmir. Ermənistan müxtəlif bəhanələrlə bu prosesin uzanmasına çalışır. İranın da bu məsələdə Ermənistanla mövqeyi üst-üstə düşür.

Azərbaycan Qarabağ problemindən qurtulub, Ermənistanla qalıcı sülhə nail olarsa regionda ən cazibəli ölkə ola bilər. Bunun üçün yetərli resurslar var. Türkiyə, Orta Asiya, Qərblə iqtisadi, ticarət və siyasi əlaqələr daha da genişlənə bilər. Azərbaycanın İranda yaşayan 40 milyona yaxın türklər üçün cazibə mərkəzinə çevrilməsini İran rejimi bütün vasitələrlə pozmaq niyyətindədir.

Sual: Türkiyə prezidenti Ərdoğanın Azərbaycana məhz İranın sərhəddə hərbi təlimlər keçirdiyi ərəfədə səfəri və verdiyi bəyanatlar İranı susdurmaq gücünə malikdirmi?

Cavab: Son illər Türkiyə Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. İqtisadi, siyasi, hərbi və təhlükəsizlik məsələlərində əməkdaşlıq getdikcə dərinləşir. Türkiyə NATO üzvü olmaqla yanaşı, müstəqil xarici siyasəti ilə qlobal siyasətdə də xeyli önəmli rola sahibdir. Cənubi Qafqaz və Orta Asiya regionunda da nüfuzu sürətlə artır. Xüsusilə də Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycana verdiyi önəmli dəstək bütün müstəvilərdə özünü göstərir.

İran anlamalıdır ki təhlükəsizlik məsələlərində Azərbaycan yalnız deyil. İrana qarşı kəskin addımlar atmaq üçün çoxdan fürsət gözləyən kənar qüvvələr var. Azərbaycan heç vaxt üçüncü qüvvələrə öz ərazisindən İrana qarşı istifadə etməyə şərait yaratmayıb. İranın Araz çayı sahilində belə hərbi təlimləri, yersiz hədələri Azərbaycan və Türkiyəni strateji hədəflərindən çəkindirmək gücündə deyil. Hətta deyərdim ki olduqca qeyri-ciddi davranışdır. Ərdoğan bu səfəri ilə bir daha mesaj verdi ki, İran rejiminin bu çırpıntılarına əhəmiyyət vermir. İran regionda Türkiyə və Azərbaycanla faydalı əməkdaşlıq imkanlarını deyil, ziddiyyətləri dərinləşdirməyə girişib. Bir müddət sonra İran rejimi bu siyasətin çox ağır bədəlini ödəyəcək.

Sual: İran özü daxildən çalxalanır. Rejimə qarşı etiraz aksiyaları davam edir. Belə olduğu təqdirdə, İran öz daxili problemlərinə köklənməli olduğu halda nədən Azərbaycanı hədəf alır? Hədəf yayındırır, yoxsa bu məsələdə də Azərbaycan barmağı axtarır?

Cavab: İran rejimi xalqı qorxu altında idarə edən, hüquq və azadlıqları boğan, etirazçıları küçə və meydanlarda güllələyən, ölüm hökmünü ən çox icra edən qeyri-azad dövlətdir. Rejim ölkədaxili sabitliyi yalnız zor ilə saxlamağa çalışır. Lakin, bütün repressiv addımlara baxmayaraq İranda daxili gərginliklər, etirazlar davam edir. Əhalinin diqqətini daxili etirazlardan yayındırmaq, hökumətin qanunsuz davranışlarını pərdələmək, ictimai müzakirələrin istiqamətini dəyişmək üçün süni şəkildə xarici təhlükənin mövcudluğu barədə tezislər uydurur.

İran hazırkı geosiyasi şəraitdə ənənəvi xarici “düşmən”ləri deyil Azərbaycanı hədəf alıb. İran rejimi anlayır ki indi ABŞ-ı, Aİ-nı, İsraili açıq hədəf elan etmək İran cəmiyyətində çeynənmiş mövzudur. Cəmiyyətin bu təbliğata reaksiyası zəifləyib. Həm də bu qüvvələrlə ziddiyyət, hərbi hədələr əks effekt verə bilər. İran hərbi obyektlərinə zərbə endirmək imkanları olan xarici qüvvələrlə ehtiyyatlı davranmaq məcburiyyətindədir. Dəfələrlə İran ərazilərində səs-küylü sui-qəsdlər törədən dövlətlərə adekvat cavab verə bilmədiyini görmüşük.  

İranın 7 quru sərhəd qonşularından yalnız biri - Ermənistan müsəlman ölkəsi deyil. İran məhz onunla dostluq edir. 6 müsəlman ölkəsi ilə müəyyən problemləri var. ABŞ və Fransadakı erməni lobbisinin dəstəyi ilə Qərbin İran siyasətinə müəyyən təsir göstərməyə çalışır. Azərbaycan və Türkiyəni hədəf almaqla Qərbdən, Orta Şərqdən özünə gizli müttəfiqlər qazanacağına ümid edir.

İranda yaşayan 40 milyona yaxın azərbaycanlı ilə Azərbaycan və Türkiyə dövləti arasında nifaq salmaq, onları qarşıdurmaya sövq etmək üçün çalışır.

Yeni geosiyasi dəyişikliklərdən İranın itkisiz çıxması çox çətin olacaq. Ciddi daxili sarsıntılar, qonşularla ziddiyyətlər və mühafizəkar hakimiyyətin siyasəti İranı regional əməkdaşlıqdan kənarda qoyacaq. İran regionun zəif bəndidir.

Sual: İran çəkinmirmi ki, tərkibində o qədər cənubi azərbaycanlı yaşayır və Azərbaycana qarşı hər hansı addım atacağı halda bu əks sillə effekti verə bilər?

Cavab: Əlbəttə İran rejimi bu təhlükəni anlayır. Gerçəkdən də İranda yaşayan türklərin son illər Azərbaycana marağı xeyli artıb. Azərbaycanı öz vətənləri sayan, bunu təbliğ edən çoxsaylı qruplar var. İranda ana dilində təhsilinə imkan verilməyən türklərin millətçilik hissləri dini-məzhəb ideologiyasını üstələyib. Ancaq hələlik bu amil İran rejimini çəkindirəcək qədər mütəşəkkil ideoloji-təşkilati faktora çevrilməyib. İran rejimini cəsarətləndirən məsələlərdən biri də budur.

Sual: Son olaraq, İranın bu addımları nə ilə nəticələnə bilər? İran da Rusiya kimi qonşu ölkəsinin torpaqlarına girməyə risk edərmi?

Cavab: İranın Azərbaycana birbaşa hərbi müdaxiləsi inandırıcı deyil. Bu zaman qardaş Türkiyənin, Pakistanın, hətta Əfqanıstanın İrana qarşı adekvat addımları olacaq. İsrail, ABŞ, Aİ və digər müsəlman ölkələrinin də bu məsələyə seyrici olması inandırıcı deyil. 1990-cı ildə “Körfəz müharibəsi”ndə İraqın Küveytdə üzləşdiyi məğlubiyyətdən daha ağır məğlubiyyəti İran Azərbaycanda ala bilər. 

İranın Ermənistana ordu yeritməsi üç halda mümkündür. Birincisi, Ermənistan bunu rəsmi şəkildə özü İrandan istəməlidir. Bu halda Ermənistanın qarşısında iki problem var. Rusiya və Qərblə münasibətləri. Ermənistan KTMT üzvüdür və sərhədləri hələ Rusiyanın nəzarətindədir. Rusiyanın razılığı olmadan belə bir addım atıla bilməz. Digər tərəfdən isə Qərbin siyasi və maddi dəstəyi ilə iqtidara gələn, Aİ ilə sıx əməkdaşlığa can atan Paşinyan hökuməti İranla məsafəli davranmaq məcburiyyətindədir. 

İkincisi isə qeyri-rəsmi Rusiyanın razılığı və Ermənistanın da buna açıq etirazı olmadan edilməsidir. Bu da Paşinyan hökumətini Qərbdən uzaqlaşdıra və hətta iqtidarına son qoya bilər.

Üçüncüsü isə Rusiya elə bir həddə qədər zəifləməlidir ki İran onu nəzərə almadan Ermənistana daxil olsun. Hazırda bu da real deyil. Rusiya müəyyən qədər zəifləsə də İranın qarşısında aciz qalacaq səviyyədə deyil. Hətta yaxın dövr üçün də bu real deyil.

İran Ermənistanla birgə Azərbaycana qarşı hərbi təxribatlarda gizli şəkildə iştirak etməyi davam etdirə bilər. Özü birbaşa açıq toqquşmaya risk etməz. Qənaətimcə, İranın Azərbaycana yönəlik hədə dolu bəyanatları, hərbi təhdidləri daxili auditoriyası üçündür.

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı