10 noyabr bəyanatını pozmaq Ermənistana baha başa gələcək - MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR

02 mart, 2021 11:34

Qabil Hüseynli: “Ermənistan və havadarının hərəkətləri Azərbaycanın çox ciddi bir antiterror əməliyyatı başlamasına zəmin yaradır”

Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış. Bu fakt amerikalı müstəqil jurnalist Patrik Lankasterin İrəvandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb. Valideynlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq nazirliyin qarşısına toplaşıblar və etiraz ediblər. Tələb ediblər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və Prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.

“Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil. Orada onları ya əsir götürəcəklər, ya öldürəcəklər. Əliyev deyib ki, Qarabağda Ermənistan əsgəri olmamalıdır, vəssalam”, - əsgərlərdən birinin yaxını deyib.

Toplaşanlardan digəri isə deyib ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbçiləri Qarabağda xidmət etməli deyil, çünki ora Azərbaycan ərazisidir və Ermənistan Müdafiə Nazirliyinin belə hüququ yoxdur. “Biz istəmirik ki, uşaqlarımızı Qarabağa göndərsinlər. Onlar orada olmalı deyillər, çünki bu haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı bəyanatda göstərilib. Bizim erməni komandanlığı isə zorakılığa can atır”, - o deyir.

Başqa bir yaşlı erməni isə deyir ki, onun nəvəsi il yarımdır hərbi xidmətdədir, müharibədə iştirak edib. Cəbrayılda, ön xətdə olub.

“Müharibə qurtarıb, o qəlpə yarası alıb və depressiyadadır. Qayıdıb evə. Lakin nazirlikdən adamlar gəlib dedilər ki, nəyə görə o evdədir, hərbi hissəyə qayıtmalıdır.

Dedilər aparıb müalicə edəcəklər. İndi isə yenidən Qarabağa qaytarmaq istəyirlər. Lakin o, bir daha Qarabağda xidmət etməyəcək! Ermənistan ərazisində xidmət etməlidir", - amerikalı jurnalistə danışan yaşlı erməni bildirib.

Toplaşanlar qeyd ediblər  ki, onların övladları gecə saat 3 radələrində evə zəng vurublar, “bizi mülki paltarda Qarabağa aparmaq istəyirlər” deyiblər. Valideynlərdən birinin dediyinə görə, əsgərləri şüşələri qara plyonkalı maşınlarda aparmaq istəyiblər, lakin onların etirazından sonra əsgərlərin Qarabağa aparılması dayandırılıb. Belə görünür ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materiallarının altında gizlədərək Qarabağa daşımaqla həm də Rusiya sülhməramlılarını aldadır.

Qeyd edək ki, bundan öncə də ötən həftə Rusiyanın Ermənistan ordusunu gücləndirmək və döyüş hazırlığı vəziyyətinə gətirəcəyi barədə açıqlamalar hər iki dövlətin rəsmilərinin dilindən səslənib. Həm bu fakt, həm də Patrik Lankasterin videoreportajı Ermənistan hakimiyyətinin ənənəvi olaraq yalan danışdığını və 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini pozduğunu sübut edir. Bu reportaj bir daha təsdiq edir ki, Laçın dəhlizinə Azərbaycan hərbçilərinin nəzarət etməsi labüddür.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi də “Ermənistan Qarabağa gizli yollarla silahlı dəstələr göndərir” deyə sərt bəyanat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı söylədikləri, o cümlədən münaqişə sonrası mərhələdə bölgədə təhlükəsizlik və əmin-amanlığa nail olunması üçün quruculuq və əməkdaşlıq perspektivlərindən danışdığı bir halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu yanaşması və aqressiv ritorikası rəsmi İrəvanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. XİN rəsmisi bəyan edib ki, əgər Ermənistan öz ordusunun müasirləşdirilməsi ilə revanşizm mövqeyindən çıxış edirsə, bu ölkə onilliklərlə davam edən təcavüz və işğalın düşmənçilik və nifaqdan başqa nəticə vermədiyini hələ də anlamırsa və yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmırsa, bu ölkə öz xalqının təhlükəsiz və tərəqqi dolu gələcəyinin üzərindən öz əli ilə xətt çəkir. Vətən müharibəsinin sübut etdiyi kimi, Azərbaycan hər zaman beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü təmin etməyə hazırdır və bu xüsusda meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir.

Politoloq Qabil

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı bildirdi ki, Ermənistan faktiki olaraq Rusiyaya arxalanaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarını pozur. Bunu sübut edən faktlar kifayət qədərdir və getdikcə də artır: “Rusiyanın məsul şəxsləri açıqlama verirlər ki, onlar Ermənistan ordusunu yenidən quracaqlar, gücləndirəcəklər, döyüşə hazır vəziyyətə gətirəcəklər. Bu cür açıqlamalar və bir sıra praktiki addımlar Ermənistanı həvəsləndirir. Məsələ o dərəcədə ciddiləşməkdədir ki, Azərbaycan Prezidenti İlham Əliyev 26 fevralda mətbuat konfransında bu məsələ barədə sərt danışdı, xəbərdarlıq etdi. Prezident bəlli dairələrə sual da ünvanladı ki, Ermənistan ordusunu kimə qarşı döyüş hazırlığına gətirirsiniz, bu ordu kimə qarşı, nədən ötrü vuruşacaq, axı müharibə qurtarıb və biz bundan sonra sülhyaratma prosesi ilə məşğuluq.

Təəssüf ki, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanatının müddəalarına zidd, bu müddəaları heçə sayan addımlar atırlar. Ermənistandan Laçın dəhlizi vasitəsilə hərbçilərin Qarabağa daşınmasına faktiki olaraq onlar havadarlıq edirlər. Burada “göz yumurlar” ifadəsi işlətmək çox yumşaq olardı, məhz havadarlıq edirlər. Hər kəsə aydındır ki, Laçın dəhlizi vasitəsilə gediş-gəlişə Rusiya sülhməramlıları nəzarət edir və onların istəyi, dəstəyi olmadan bir nəfər də olsun hərbçinin Ermənistandan Qarabağa gəlməsi mümkün deyil. Belə görünür ki, Ermənistanda valideynlər övladlarının Qarabağa göndərilməsini istəmirlər, lakin Ermənistan hərbi rəhbərliyi ilə Rusiya erməni valideynlərinin də iradəsini heçə sayırlar. Bütün baş verənlər onu göstərir ki, Azərbaycan Prezidentinin xəbərdarlığı, Azərbaycan XİN-in etiraz bəyanatı boşuna deyil. Vəziyyət bu şəkildə davam etsə, Azərbaycan dəmir yumruğu işə salmalı olacaq".

Politoloq vurğuladı ki, Ermənistan və havadarının hərəkətləri Azərbaycanın çox ciddi bir antiterror əməliyyatı başlamasına və bütün Qarabağda suverenliyimizi tam bərpa etmək istiqamətində hərbi əməliyyata zəmin yaradır: “Rusiyadakı qızğın beyinlər, deyəsən, başa düşmürlər ki, bu dəfə müharibə başlasa, Türkiyə və Pakistan bütün gücü ilə bu bölgədə olacaq. Nəticədə Rusiya bu bölgədən tamamilə çıxarılacaq, tabe olmayan ermənilərə isə lazımi yerlərini göstərəcəklər. Ona görə də Ermənistan və Rusiyadakı müəyyən dairələr heç də arxayın olmasınlar ki, Qarabağda rus sülhməramlısı varsa, artıq hər şey həll olub, bitib. ”Harop"la “Bayraqdar” üçün fərq etməyəcək ki, tankdakı kimdir. Mən çox təəssüflə bu sözləri deyirəm. Çünki Rusiya bizim yaxın qonşumuzdur, biz Rusiya ilə xoş münasibətlərin tərəfdarıyıq. Amma münasibətlər ikitərəfli olmalıdır, hər iki tərəfdən olmalıdır ki, müsbət nəticələri də olsun".

Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirdi ki, Ermənistanın razılaşmadan kənar hərəkətləri getdikcə genişlənir. Dağlıq Qarabağa gizli şəkildə hərbi qüvvə göndərməsi də bu qəbildəndir: 

“Dağlıq Qarabağa rus sülhməramlılarının yerləşdirilməsi, oradakı quldur dəstələrinin qalıqlarının saxlanılması Ermənistan üçün son şans imkanlarıdır və bu məqamlardan istifadə edib orada mövcudluğunu qoruyub saxlamağa çalışır. Azərbaycan rəhbərliyi bunların hamısını yaxşı görür, Preziden İlham Əliyev də geniş mətbuat konfransında bunu bildiklərini, hələlik müşahidə etdiklərini vurğuladı. Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində də münasibət bildirildi, Prezident eyni zamanda Rusiya rəhbərliyinə də mesajlarını göndərdi. Ermənistan Rusiyanın birbaşa dəstəyi ilə bu addımları atır, sülhməramlıların xəbəri olmadan ermənilər belə addım ata bilməzlər. Rusiya tərəfi Azərbaycanın mesajlarından nəticə çıxarmalıdır. Digər tərəfdən, Prezidentin mesajları 2020-ci il 27 sentyabr ərəfəsindəki vəziyyəti xatırladır, o vaxt beynəlxalq birlik, o cümlədən Rusiya Azərbaycanın mesajlarını nəzərə almadılar, nəticəsini gördülər. İndi Azərbaycanın qələbəsindən sonra vəziyyət dəyişib, hər kəs də anlayıb ki, rəsmi Bakı dediklərini etmək gücündədir. Ona görə də Rusiya rəhbərliyi böyük ehtimalla düzgün nəticə çıxaracaq, Ermənistanın əl-qol atmalarına imkan verməyəcəkdir. Əks halda, Azərbaycanın erməni təxribatlarının qarşısını yenidən güc yolu ilə alacağı qaçılmaz olacaq”.

Musavat.com

 

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR