"Rusiya üçün yeni konfliktlər, gərginliklər yaradılacaq" - MÜSAHİBƏ

20 aprel, 2021 14:02

Rusiyanın Ukraynaya qarşı hərbi-siyasi təzyiqləri davam edir. Moskva Donbassa nəzarəti əlində saxlamaq və böyük hərbi gücünü hərəkətə gətirməklə bir növ ABŞ başda olmaqla Qərb koalisiyasının Ukrayna məsələsində nə qədər dərinə gedə biləcəyini sınaqdan keçirir. Bir çox mütəxəssislər ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Putinə telefon açaraq ona üçüncü ölkədə görüş təklif etməsi və Moskvanın faktiki olaraq bu təklifdən imtina etməsini Rusiyanın ilk qələbəsi kimi təqdim edirlər. 

Azsiyasət.com xəbər verir ki? azpolitika.info Rusiyanın Ukrayna və ümumilikdə MDB məkanındakı siyasətilə bağlı Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Azərbaycan ofisinin sabiq icraçı direktoru, alim Fərda Əsədovla müzakirə edib:

- Fərda müəllim, Ukrayna hazırda ABŞ və Rusiya arasında açıq qarşıdurma poliqonunu xatırladır. Ukraynanın indiki vəziyyətini və onun ətrafında cərəyan edən proseslərin yaxın gələcək üçün perspektivini necə görürsünüz?

- Ukrayna şübhəsiz ki, hazırda dünyadakı ən kritik nöqtədir. Bu ölkədə bilavasitə rus millətinin haqları məsələsi ortaya çıxarılıb. Rusiyanın özünün seçdiyi konseptual dövlətçilik yanaşması baxımından sərt yanaşmalar ortaya çıxıb. Ümumi tipoloji məsələ vardır –tədricən siyasi və iqtisadi müstəqillik qazanmaq istəyən postsovet respublikalarının siyasəti Ukrayna timsalında xüsusi kəskinlik qazandı. Hər iki tərəfdən, istər Rusiya, istərsə də Ukrayna tərəfindən kompromisdən uzaq, sərt siyasət sərgilənir. Ukrayna üçün bu, yeganə şansdır ki, məsələni daha kəskin və qətiyyətli qoyaraq, problemin birdəfəlik həllinə nail olsun. Son bir neçə gün ərzində ABŞ prezidentinin bəyanatlarını da nəzərə alsaq, görərik ki, sanki Qərb, xüsusilə ABŞ daha sərt mesajlar göndərir, bir növ Ukraynanın ərazi bütövlüyünü və müstəqil siyasət yürütmək haqqını prioritet məsələ sayırlar. Bu, sözsüz ki, keçmiş SSRİ respublikalarının tam müstəqillik qazanması prosesində ən kəskin məqamlardan biridir. Ona görə də tarixi və siyasi nöqteyi-nəzərdən Ukrayna hadisələri olduqca əhəmiyyətlidir.

- Siz deyirsiniz ki, ABŞ Ukrayna məsələsinə dair sərt mövqe ortaya qoyur. Ancaq qəribədir ki, Prezident Bayden bu radikal yanaşmanın ardınca Putinə telefon açdı, hətta ona təklif etdi ki, üçüncü ölkədə görüşüb ətraflı müzakirələr aparsınlar...

- Əvvəla, biz düşünməməliyik ki, ABŞ Rusiya ilə müharibə etmək üçün imkanlar axtarışındadır. Şübhəsiz ki, sərtləşmə, ardınca isə danışıqlar vasitəsilə kompromis axtarmaq Vaşinqtonun daha əlverişli siyasi mövqe qazanması üçün nəzərdə tutulan addımlardır. Amma təəssüf ki, Rusiya tərəfinin mövqeyində yumşalmaya dair mesajlar görünmür. Məncə, burada dərində olan müəyyən məsələlərə - iqtisadi problemlərə, Rusiya üçün qlobal siyasət baxımından yeni-yeni konfliktlər, gərginliklər yaradacaq məsələlərə də diqqət yetirmək lazımdır.

Rusiya tərəfi bunların hamısını nəzərə alsa, bəlkə də Ukrayna problemində güzəştlər etmək haqqında düşünməli olacaq. Gördüyünüz kimi, hələlik biz hər iki tərəfdə sərt mövqe və qəti addım atmağa hazır olmalarına dair işarələr müşahidə edirik. Amma düşünmürəm ki, Ukrayna timsalında açıq hərbi toqquşma mümkün olsun.

- Demək istəyirsiniz ki, Prezident Bayden Putinin qarşısından geri çəkilmir, sadəcə, Moskvanın güzəştlərə getməsinə şərait yaradır?

- Bəli, əlbəttə belədir. Burada iqtisadi analiz də aparmaq lazımdır. Təsəvvür edin ki, bu sanksiyalar fonunda indiki şəraitdə hərbi əməliyyatların təşkili, eləcə də rus cəmiyyətində olan problemlərin həlli üçün nə qədər maliyyə tələb olunur. Mən rusların iqtisadi və maliyyə itkiləri haqqında dəqiq rəqəm səsləndirməzdim, amma bu haqda iqtisadçıların müəyyən fikirləri var. Rusiya daxilində müşahidə olunan gərginlikləri nəzarətdə saxlamaq, səhiyyə, sosial, eləcə də hərbi sahədə problemləri həll etmək üçün maliyyə resursları tələb olunur. Bunlar şübhəsiz ki, Rusiya üçün böyük yükdür.

- Bir sıra mütəxəssislər hesab edirlər ki, Ukrayna problemində hazırkı an üçün qalib gələn tərəf Rusiyadır. Bu fikirləri əsaslı saymaq olarmı?

- Açığı, mən bu cür düşünmürəm. Rusiya üçün qalib gəlmək nə olardı? Məsələn, Krımın Rusiya ərazisi kimi tanınması istiqamətində hansısa irəliləyiş. Ancaq mən bu istiqamətdə ciddi nəticə görmürəm. Yaxud, nəqliyyat dəhlizinin Ukraynadan deyil, şimal istiqamətindən keçməsinə nail olmaq və beləcə Ukraynanı iqtisadi baxımdan bir qədər də sıxılmış vəziyyətə salmaq. Bu məsələdə də Rusiyanın uğur əldə etməsini görmürük.

Mən gözləmirəm ki, Bayden-Putin görüşü baş tutduğu təqdirdə nələrəsə nail olunacaq. Əksinə, gərginlik bir qədər də artacaq. Digər yandan Almaniyadakı növbəti seçkiləri və orada yeni hökumətin formalaşmasını gözləməliyik ki, “Şimal Axını” layihəsi haqqında aydın təsəvvür yaransın.

Bir sözlə, doğrusu, mən görmürəm ki, Ukrayna məsələsində tərəzinin bir tərəfi Rusiyanın xeyrinə qalxıb, yaxud enib.

- Bəs, Avropanın mövqeyini qənaətbəxş hesab etmək olarmı? Sizcə, hansı səbəbdən Avropa Ukrayna məsələsində acizlik nümayiş etdirir?

- Birincisi, indi iqtisadiyyat və maliyyə imkanları baxımından Avropa heç də ən yaxşı dövrünü yaşamır.

İkincisi, Avropa ehtiyat edir. O mənada ki, ABŞ-la eyni siyasəti yürütmək ona uğur gətirən nəticələr verəcəkmi? Xüsusilə “Breksit”, ABŞ və Britaniyanın birgə maraq dairəsinin formalaşması Avropanı ehtiyatlandırır. Yəni onlar ehtiyatlanırlar və istəyirlər ki, nəticə etibarilə ABŞ və Britaniyanın yumşaq təzyiqi fonunda Rusiya ilə də hansısa münasibətlər modeli yaransın. Bu modeldə həm Avropanın maraqları öz həllini tapsın, həm də Rusiya ilə əməkdaşlığa başlamaq mümkün olsun. Başqa sözlə, onlar Avropanın xarici siyasətində qətiyyətli prioritetlər sistemini qura bilməyiblər. Odur ki, ortada qəti siyasi mövqe yoxdur, əksinə, bir qədər amorf mənzərə yaranıb.

- “Covid-19” pandemiyasından əvvəl Rusiyada SSRİ dövrünün nostalgiyası yaşanırdı, hətta SSRİ-nin başqa ad altında bərpası kimi yanaşmalar ciddi şəkildə ortaya atılırdı. Necə düşünürsünüz, indi də bu yanşma aktualdırmı?

- Rusiya cəmiyyətində təəssüflər olsun ki, əsas etibarilə Rusiyanın varlığı ancaq və ancaq imperiya ideyası, forması ətrafında mümkün sayılır. Bu ideya sözsüz ki, Rusiya cəmiyyətində hələ də dövlətçiliyin əsasını təşkil edən siyasi məfkurə olaraq qalır. Söhbət həm də Rusiyanın milli konsepsiyasından gedir. Rusiya əvvəlki ənənəvi konsepsiyasını müəyyən dəyişikliklərlə davam etdirsin, yoxsa hansısa yeni mühit formalaşdırsın? Məsələn, Britaniya İmperiyasına baxa bilərik. Keçmiş imperiya müstəmləkələri bu və ya digər şəkildə tamamilə müstəqil ölkələrə çevriliblər. Rusiya da bu modelə üstünlük verə bilərmi? Təəssüf ki, biz hələlik Rusiyanın ənənəvi siyasətini görürük...

- Bəs, Rusiya keçmiş SSRİ respublikalarını tam nəzarət altına alacaq cəlbedici ideologiyaya, imkan və resurslara malikdirmi?

- Xeyr, əgər söhbət Rusiyanın əvvəlki qüdrətinin, nəzarət imkanlarının bərpasından gedirsə, mən bunun mümkün olduğunu düşünmürəm. Dünya dəyişir, çoxçeşidli modellər yaranır. Bu modellərin bir-birilə nəticəsi bilinməyən təmasları formalaşır. Artıq bu səviyyədə tarixin arxivinə verilmək ərəfəsində olan avtoritar çoxmillətli dövlətin qalması o qədər də perspektivli görünmür. Tarixdəki imperiya savaşlarından, qanlı müharibələrdən sonra Avropada bir model ortaya çıxdı. Bu modelin də enişli-yoxuşlu yolu oldu. Türkiyəyə, elə Osmanlı İmperiyasına baxaq. Nə qədər qanlı döyüşlərdən sonra Türkiyə böyük müsəlman imperiyasından müasir türk millətinin qüdrətli dövlətinə çevrildi.

Odur ki, tamamilə yeni münasibətlər sistemi yaranmalıdır və Rusiyanın keçmiş modeli bərpa və davam etdirməsi mümkünsüz görünür.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"