Strateji hədəflərimizi müəyyənləşdirməliyik: İran Ermənistanı itirir - Putin hansı xəritələrə istinad edəcək? - MÜSAHİBƏ
Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi, siyasi analitik Rizvan Hüseynov Azsiyaset.com-a geniş müsahibə verib.
"Rusiyanı sırf Çinə qarşı səfərbər edirlər, Moskvanın 2025-ci ilə hesablanan hədəfləri var. Bizim proseslərə strateji baxışımız olmalıdır, milli projeləri müəyyənləşdirməliyik..."
Müsahibəni təqdim edirik:
- Rizvan müəllim, razışlaşmaya əsasən 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdır. Bu məsələ ilə bağlı müxtəlif yerli və xarici ekspertlərin fikirləri haçalanır. Sülhməramlı missiyasının başa çatdığı bir ərəfədə Qarabağdan çıxmamaq üçün Rusiya fərqli situasiya yarada bilərmi? Deyək ki, özünün sülhməramlı missiyasına ehtiyac yaratmaq üçün hər hansı süni insident, yaxud digər şərtləri reallaşdıra bilərmi? Belə bir ehtimal varmı? Əgər varsa, o zaman biz Rusiyanın vaxtında Qarabağdan çıxması üçün atacağı addımları indidən necə zərərsizləşdirməliyik?
- Ümumiyyətlə, 2025-ci il tarixi əbəs yerə seçilməyib. Əgər biz dünyanın geosiyasi mənzərəsinə izləsək, “2025-ci il” rəqəmini tez-tez eşidə eşidə bilərik. Bəs nədir bu 2025-ci il məsələsi? Belə hasil olur ki, bu təkcə Rusiyaya aid olan bir məsələ deyil. “Yeni dünya düzəni” ifadəsi ilə tez-tez rastlaşırıq. Rusiya ümid edir ki, 2025-ci ilə qədər öz daxilində olan problemləri həll edəcək, daxili və xarici siyasətdə köhnə konsepsiyadan qurtulacaq, fərqli şəkildə özünü təqdimetmə siyasəti quracaq. Öncəki konsepsiyalardan biri Çar Rusiyası zamanında işlənib hazırlanıb. Sovetlər dönəmində başqa bir konsepsiya işlənib. Konsepsiyalarda bütün məsələlər, eləcə də bizim torpaqlarda necə rəftar etmək məsələləri də öz əksini tapıb. Son 30 ildə isə Rusiya konsepsiya tapa bilmədi. Nəticədə Gürcüstanı, Ukraynanı itirdi, indi də Ermənistanı itirmək üzrədir. Bu dönəmdə Rusiyada bəzi beyinlər və onlara xaricdən dəstək verən mərkəzlər “SSRİ-2” layihəsini işləmək istəyirlər. Vaxtilə SSRİ-yə daxil olan bəzi ölkələrin guya 2023-2025-ci illlərdə arasında hansısa layihədə birləşməsinə cəhd olunacaq. Açığı, bu cəhdlər müşahidə edilir. Digər tərəfdən, Rusiyanı sırf Çinə qarşı səfərbər edirlər. Qərb ölkələri, eləcə ABŞ, İngiltərə maraqlıdır ki, Rusiyanı bir az gücləndirib Çinin qarşısına çıxarsınlar. Aydındır ki, müasir Rusiyanın Çinlə toqquşmağa gücü yoxdur. Buna görə də Qərb ölkələri, eləcə də ABŞ, İngiltərə maraqlıdır ki, Çinin qarşısına Rusiyanı çıxarsınlar. Necə ki, I Dünya Müharibəsində Çar Rusiyasını, II Dünya Müharibəsində isə SSRİ-ni bir sipər kimi meydana atdılar. Baxmayaraq ki, Stalin də gözəl bilirdi ki, Almaniya ilə müharibəyə ehtiyac yoxdur və bu, SSRİ üçün strateji hədəf deyil. Ancaq nəticə etibarilə SSRİ müharibəyə sürükləndi və dünya düzəni bundan sonra formalaşdı. Biz bilirik ki, II Dünya Müharibəsindən sonra - 1945-ci il oktyabrında BMT yarandı. Bu günə qədər də beynəlxalq hüquq Təhlükəsizlik Şurasının, “Beşlik” ölkələrinin və böyük dövlətlərin üzərində qurulub. İndi ola bilər ki, Rusiya qarşısına 2025-ci ilə hesablanan yeni hədəflər qoyub.
Bəs biz nə etməliyik? Təbii ki, ilk növbədə bizim bu prosesə strateji baxışımız olmalıdır. Bəlkə də var. Amma biz analitik olaraq hansısa variantlar üzərində özümüz də işləməliyik, təkliflər verməliyik, hədəflərimiz müəyyənləşdirilməlidir. 1918-ci ildə qurulan milli və demokratik dövlətimiz 1991-ci ildə bərpa olundu. Biz strateji düşünməliyik və belə bir çətin düzəndə milli projelərin gələcəyini müəyyənləşdirməliyik.
"Bizi bilirik ki, bu məsələdə Rusiya-Türkiyə sövdələşməsi faktoru var"
- Regionda baş verən prosesləri təhlil etsək görərik ki, sanki 100 il bundan əvvəlki hadisələr, layihələr təkrar olunur. Necə düşünürsünüz?
- Gözəl yanaşmadır. Xatırladım ki, mənim 2017-2018-ci ildə bir sıra verilişlərim oldu. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə mən müqayisələr apardım və KİV-lərdə proqnoz verdim ki, Ermənistan 1918-1923-ci ildəki taleyini növbəti dəfə yaşayacaq. Ümumiyyətlə, regionda bənzər proseslər baş verəcəyini demişdim. Bəs bu nə deməkdir? 1918-ci ildə müstəqil respublikalar yarananda Ermənistanda daşnaklar hakimiyyətə gəldi və 1920-ci ilin yayında Ermənistanda çox mürəkkəb vəziyyət yarandı. 1918-ci ildə Şaumyanın yaratdığı dəstələr Bakıda və digər bölgələrimizdə soyqırımlar törətmişdilər. Biz bilirik ki, 1920-ci ilin aprelində Azərbaycanda da respublika devrildi. Rus bolşeviklər burada özlərinə tərəf olan Azərbaycan bolşeviklərindən istifadə edərək XI Qızıl ordu tərkibində Qarabağ, Zəgəzur istqiamətinə yürüş etdilər. Digər tərəfdən Türkiyə Gümrünü, Qarakilsəni aldı. Noyar ayında Ermənistan təslim oldu. Türkiyə İrəvanın bir neçə kilometrliyində dayandı. Bundan sonra daşnakar qaçdılar və sovet Ermənistanı yarandı. 1921-ci ildə üçüncü hədəf Gürcüstan oldu. Bu dəfə erməni boşevikləri Tiflisə yürüş oldu, orada da respublika devrildi. Bu ssneraninin bir qismi yüz il sonra, yəni indi işləndi.
2018-ci ildə Paşinyan hakimiyyətə gəldi və həmin o 1918-ci ilin şəraiti yarandı. Həmin Türkiyə ilə Rusiya yaxınlaşması baş verdi. 2020-ci ilin yayında erməni təxribatları baş verdi və bundan sonra Azərbaycan cəza mexanizmlərini işə saldı. Bizi bilirik ki, bu məsələdə Rusiya-Türkiyə sövdələşməsi faktoru var. Nəticədə 44 günlük müharibədən sonra 2020-ci ilin noyabrında Ermənistan təslim oldu. O vaxt - ilk 4 il Rusiya-Türkiyə münsibətlərinin intibah dövrü oldu. Hətta Bakı mərkəz olaraq seçilmişdi, türkoloji qurultayları, konqreslər məhz burada keçirilirdi.
"Cəmiyyətimizdə Türkiyəyə minnətdarlıq hissi ilə yaşayan daha böyük bir qism var. Təhlil etməliyik ki, bəs biz bu yüz il ərzində hansı alternativ partnyorlar tapmışıq?"
- O zaman biz yüz il sonrakı bu proseslərin harasındayıq?
- O vaxtkı kimi Azərbaycanda indi də fikirlər haçalanır. Cəmiyyətin bir qismi hesab edir ki, müharibədə Rusiyanın pozitiv faktoru var idi, ən azı Moskvanı neytral mövqe sərgiləməsini müsbət amil kimi dəyərləndirənlər var. İndi biz bunlara “5-ci kolon” da deyə bilmərik. Bunların içərisində sovet dövründə yaşayanlar və rusdilli insanlar var. Rusiyanın yatırımı əsasən cəmiyyətin bu qismidir. Cəmiyyətimizdə Türkiyəyə minnətdarlıq hissi ilə yaşayan daha böyük bir qism var. Bu, daha böyükdür. 1918-ci ldə türk ordusu sentyabrda Bakını azad edir, daşnaklardan, bolşeviklərdən təmizləyir. Bizim babalarımız da bu hisslər yaşayırdılar ki, Türkiyə bizə kömək oldu, torpağımızı azad etdi və firəvan bir ölkə qurduq. O hisslər indi də var. Sadəcə olaraq dəyişən nədir? Təhlil etməliyik: o vaxtkı Rusiya ilə indiki Rusiyada arasında nə dəyişib? O vaxtkı Osmanlı ilə indiki Türkiyə arasında dəyişən nələr var? Ən əsası, biz özümüz hansı təcrübələrdən çıxdığımızı düşünməliyik. Təhlil etməliyik ki, bəs biz bu yüz il ərzində hansı aternativ partnyorlar tapmışıq? Halbuki yüz il bundan əvvəl İngiltərə bizi oyunlarda qurban verdi və qoyub qaçmışdı. Bütün bunların təhlininə ehtiyac var.
"1928-ci ilin xəritəsi bəlkə də yeganə xəritədir ki, Putin ona istinad edə bilər"
- Hazırda sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi gündəmin əsas mövzusudur. Bir müddət əvvəl Putin sərədlərin xəritəsinin Rusiya Baş Qərargahında olduğunu demişdi. Hansı illərin xəritəsindən söhbət gedir və Rusiya hansı xəritələrə istinad edir?
- Bizi birlik ki, 1921-cildə bütün Zaqafqaz respublikalarında sovetləşmə getdi, bundan sonra Qafqaz Bürosu yarandı. Paşinyanın lağ obyektinə çevrilən çıxışı zamanı “Kokeyşın büro” ifadəsini xatırlayın. Maraqlıdır, Paşinyan nəyə istinad edirdi, onun dərdi nə idi? Bizim prezident ona verdiyi cavabları yada salaq. Qafqaz Bürosunun o vaxt süni şəkildə yaratdığı Dağlıq Qarabağ necə idi?
2020-ci ilin müharibə əsnasında əsas müzakirələrdən biri də bu idi. İstər Münhendə, istərsə də Rusiyada Prezident İlham Əliyevlə Ermənistan baş nazirinin görüşünü xatırlayaq. Qafqaz Bürosunun 1921-ci ildə qəbul etdiyi sənədlər indi də hüquqi baza kimi istifadə olunurdı. Biz istəsək də, istəməsək də bu, belə idi. Bəs xəritələr nə vaxt yarandı? Bolşeviklər çox hiyləgər bir fənd işlətdilər. Onlar bilirdilər ki, üç respublika - Azərbaycan, Ermənistan və Gürcüstan arasında ziddiyyətlər var və sərhəd məsələləri çətindir. Burada Borçalı, Zəngəzur, Dərəlgöz Loru-Bəmbək məsələləri vardır. Nə baş verdi? Zaqafqaziya Sovet Federativ Respublikasını yaratdılar. 1928-ci ildə birinci xəritə - yəni üç respublika arasındakı sərhədlərin xəritəsini hazırladılar. 1928-ci ilin xəritəsi bəlkə də yeganə xəritədir ki, Putin ona istinad edə bilər. Nəyə görə? Çünki bundan öncə üç respublika arasında dəqiq xəritələr olmayıb və onu işləyə də bilməzdilər.
"Ona görə də Rusiya bu prosesi uzadacaq, bəlkə də 2025-ci ilə qədər"
- Müharibənin bir ili tamam olur. Eyni zamanda, 9 noyabrda Azərbaycanla Ermənistan arasında sənədin imzalanacağı müzakirə olunur. Gözləntiləriniz nədir?
- İndi müxtəlif şəkildə məlumatlar sızdırılır ki, 9 noyabrda görüş olacaq. Bunu ortaya atmaqla erməni tərəfi və xarici havadarları əslində görüşü və ya mahiyyətini pozmaq istəyirlər. Faktiki olaraq Ermənistanda, İranda və Rusiyadakı bəzi qüvvələrin marağı odur ki, bu sülh müqaviləsi imzalanmasın. Sülh imzalansa, bütün qırmızı xətlər çəkiləcək. Təkcə ərazilərdə yox, mənəvi-siyasi sərhədlər də müəyyənləşdiriləcək. Bundan sonra Azərbaycan və onun partnyorları hüquqi bazaya istinad edərək özlərini daha dəqiq və əminliklə hiss edəcəklər. Rusiyaya isə bu lazım deyil. Rusiyaya vəziyyəti nəzarətdə saxlayıb idarə etmək lazımdır. Çalışır ki, həmişən ona ehtiyac yaransın. Əgər sülh imzalansa Rusiyaya nə ehtiyac qalır? Ona görə də Rusiya bu prosesi uzadacaq. Ancaq bu o demək deyil ki, bu, Rusiyada alınacaq. Bu məsələdə Rusiya ilə tərəfdar olan ölkə İrandır. İran ciddi faktordur. Ciddi bir sənədin imzalanması Paşinyan üçün böyük bir problemdir. Ancaq ola bilər ki, “Niyyət Bəyannaməsi” imzalansın. Yenə də ola bilər ki, heç görüş olmasın, yaxud bu görüş 9-10 noyabrda yox, başqa bir tarixdə baş tutsun.
"Zəngəzur dəhlizinin açılması İranın staretji hədəflərinə ziddir"
- Son günlər İranın Azərbaycana qarşı aqressiv münasibətində sanki bir susqunluq müşahidə olunur. Zəngəzur dəhlizinin təməlinin qoyulmasından sonra İranı tərksilah hesab etmək olarmı? İran bunun baş verməməsi üçün çalışırdı, indi ola bilərmi ki, cəhdləri boşa çıxdığına görə susqunluq nümayiş etdirir?
- Sözsüz, burada siz deyən amil də var. Zəngəzur dəhlizinin açılması İranın strateji hədəflərinə ziddir. Əslində Türkmənçay müqaviləsi Rusiya ilə İngiltərə arasında imzlanan bir qımızı sədd idi. Araz çayı ingilis-rus maraqlarını çözdü. Əslində isə çox bir şey indi də dəyişməyib. Sovet dönəmində SSRİ dağılanda ştrixlənmiş dairə Samur çayına qədər qalxdı. Rusiyanın maraqları Samurla Araz arasında ilişdi. İran buna dözməyə məcbur oldu, heç nə də edə bilməzdi. Ancaq indi İrana müxtəlif maraqlı ölkələr dəstək verir. Hansı ki o ölkələr də Zəngəzur dəhlizinin açılmasını istəmir. İndi İran susmaqla noyabrda nələrin baş verəcəyini gözləyir və yəqin ki, ondan sonra öz mövqeyini bildirməyə çalışacaq.
"Ərdoğan bir lider olaraq bu layihənin arxasında adını və imzasını qoyub. Ərdoğan getsə, biz əminik ki, gələn şəxs həmin o layihəni icra edəcək?"
- 2023-cü ildə Türkiyədə, 2024-cü ildə idə Rusiyada prezident seçkiləri keçiriləcək. Əgər Ərdoğanla Putin prezidentlik postundan gedəsi olsalar, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərində dəyişiklik olacaqmı?
- Türkiyə tarxində 1923-cü ilin əhəmiyyət nədir? Cumhuriyyətin yaradılması. Türkiyə 1918-ci ildən 1923-cü ilədək çox təzadlı bir tarix yaşadı. Eləcə də Rusiya. Həmin 5 illik dönəm hər iki ölkə üçün çox təzadlı dövr idi. 1921-ci ildə Qars müqaviləsi imzalandı. Bu, çox məsələni çözdü. Məhz bundan sonra Türkiyə və Rusiya tərəf olaraq problemlərini taktiki olaraq çözüb dövlətlərini qurdular. İndi də çox şey təkrarlanır. Rusiya ilə Türkiyə çox məsələləri çözüblər. 2021-ci ildə Qars müqaviləsinin yüz illiyi tamam oldu. Biz görürük ki, “Şuşa Bəyannaməsi” Qars müqaviləsini yada saldı. Düzdür, “Şuşa Bəyannaməsi”ndə Rusiya iştirak etmədi, tərəflər Türkiyə və Azərbaycan idi. Ancaq Ərdoğanın çıxışını təhlil etsək görərik ki, yüz il bundan öncəki hüquqi bazanın yerində olduğunu Rusiyaya xatırladır. “Şuşa Bəyannaməsi” Qars müqaviləsinə zidd deyil. O vaxt hadisələr necə çözülübsə, o yenə də qüvvədədir. Belə görünür ki, yüz il bundan öncə baş verənlər yenə də 2023-cü ilə gəlib çıxacaq. Həm Ərdoğan, həm də Putinin yaş amili var. Türkiyə və Rusiyada kim prezident ola bilər? Putini kim əvəzləyəcək? Necə ki Yeltsin “x saatı”nda heç kimin tanımadığ bir polkovniki - Putini qabağa verdi. Həmin məsələ hər iki ölkədə çözülməlidir. 2025-ci ldə nələr qəbul olunacaq? Bax bu, maraqlıdır. Rusiya-Türkiyə müttəfiqliyi taktikidir, strateji deyil. Ola bilər düşünsünlər ki, bu məsələyə toxunmayaq, öz məsələlərimizi çözək, beynəlxalq münasibətlərdə tərəfdaşlarla yerimizi tutaq və bundan sonra sülhməramlı məsələsini həll edək. bu, strateji deyil. Sabah bu taktika icra olunandan sonra Rusiya və Türkiyə harada olacaq? İngiltərə kiminlə olacaq? Bax, əsas maraqlı olan budur.
Çox vaxt tarix və hadislər liderə bağlıdır. Bunu danmaq olmaz ki, istənilən prosesi şəxslər aparır. Ərdoğan bir lider olaraq bu layihənin arxasında adını və imzasını qoyub. Ərdoğan getsə, biz əminik ki, gələn şəxs həmin o layihəni icra edəcək? Putin Ərdoğan münasibətlərinin tərkarı olacaqmı? Bütün bu məsələlər bizi düşündürməlidir.
"İranla Ermənistanın əlaqəsi kəsilir və bizim əlimizə keçir. Rusiya Yaxın Şərqə quru yol əldə edir, Türkiyə Qafqaza qayıdır..."
- Zəngəzur dəhlizinin əhəmiyyəti nədir? Görünən budur ki, böyük bir proses gedir...
- Zəngəzur orta əsrlərdən XIX əsrə qədər, ən aşağısı min ildir ki, bir damardır, arteryadır. İqlimi, coğrafi və mənəvi olaraq bizim region Yaxın Şərqə çox yaxın idi. Sadəcə Türkmənçay müaviləsi, ingilis-rus sövdələşməsi bir çox məsələləri pozdu. Ondan sonra biz ayrıldıq, adımızı Qafqaz olaraq işlədilər, yeni terminlər verdilər. Bu yolun bağlanması Rusiya ilə bağlıdır. İrəvan xanlığı, Naxçıvan xanlığı işğal olunandan sonra Rusiya bütün ənənəvi yolları bağladı. Eləcə də Dərbəndi qapatdı. Bu yol Aralıq dənizindən, Hələbdən gələn yol idi. Müasir Türkiyəyə İran ərazisindən keçərək gəlirdi, Naxçıvandan Zəngəzurdan keçirdi, Azərbaycanın cənubundan paylanaraq Bakı, Şamaxı, Dərbənd, Həştərxan, Kazana kimi qalxırdı. Buna “Həcc yolu” da deyirdilər. Daha qədim adları da var. Bu şah damar o vaxtkı dövlətlərin iqtisadi gücünün əsas səbəbi idi. Sözsüz ki, ingilislər və ruslar bunu dağıtdı. Onu dağıdanlar indi guya yenidən bərpa etmək istəyirlər. Ancaq əsas sual budur: bərpa edəcəklərmi? Bazarlaşma hələ də davam edir. Rusiya əlindən gələni edir ki, proses geciksin. Niyə gecikdirirlər, bu başqa mövzudur. Belə baxanda, Rusiya Yaxın Şərqə yol əldə edəcək. Bu, Rusiya tarixində birinci dəfədir. Heç Pyotr onu edə bilməmişdi. Rusiya bu müsbəti özünə yazacaq. Türkiyə isə 300 ildən sonra Qafqaza qayıtmış olacaq. Türkiyə deyir ki, mən qayıtdım. Rusiya da bildirir ki, birinci dəfədir ki, mən Yaxın Şərqə quru yol əldə etdim. Rusiya üçün Suriya, Yaxın Şərqin, Aralıq dənizinin bəzi nöqtələri müqəddəs torpaqlar sayılır. Burda hələ o birisi oyunçular da var və biz hələ onları çözmürük.
İranın marağı nədir? O yol İranın maraqlarını pozacaq. Deməli, burada iki maraq var. Biri mühafizəkar maraqdır: nəyi dağıtmışıq, o qalsın, yollar elə bu şəkildə olsun. O biri maraq isə qədimdən olan yollara qayıtmağı özündə ehtiva edir. Turanın onurğa sütunu yoldur. “Qızıl elma”nın mahiyyəti odur ki, türkün yolu gün çıxandan gün batana qədər olsun. İranın, ərəbin yolları başqa cür olub. Bərpa olunsa, onda da deyirlər ki, bu, Turanın bərpa olunmasıdır. Çünki bu yol əsas iqtisadi dayaqdır. İndi bu nə qədər realdır, nə qədər oyundur, bunu vaxt göstərəcək. İranla Ermənistanın əlaqəsi kəsilir və bizim əlimizə keçir. Digər tərəfdən, Ermənistan sahibini dəyişir. Ermənistan prezidenti balaca çəkili adam deyil. Bunun Vatikana, İtaliyaya etdiyi səfər diqqət çəkir. Özü də erməni katolikosu ilə birlikdə. Ermənistanın ombudsmanı var, Totoyan, bu adam kimdir? Niyə bu adam hər şeyi şərh edir? Əgər ombudsmandırsa, gedib öz işini görsün. Ancaq bütün siyasi məsələləri şərh edir. Deməli, bunu ciddi şəkildə hansısa vəzifəyə hazırlayırlar. Ermənistan prezidenti Armen Sarkisyan güclü bir biznesmendir, o, Vatikanla və ingilis kraliçasının ətrafı ilə dost olan şəxsdir. Təhlillər göstərir ki, Ermənistan sahibini dəyişir. II Qaregin Moskvaya getdi, partiarxla görüşdü və bir həftədən sonra Ermənisanda birinci dəfədir ki, katolik kilsəsinin nümayəndəliyi açıldı. Yüz illərdir ermənilərin sahibi Vatikan idi, rus əlindən almışdı, indi yenidən ora qayıtmaq istəyir. Bu o deməkdir ki, kuratorlar dəyişir və Ermənistan üçün yeni bir layihə cızılır. Biz Armen Sarkisyanın səfərlərini izləməliyik, bilməliyik ki, bu səfərlər nəyə hesablanıb.
İran isə başa düşür ki, bütün bu proseslərin içərisində Ermənistanı itirəcək. Son iki yüz ildə İranın Ermənistanla olan münasibətləri bitəcək. Bəs Ermənistanı kimə təslim edirlər? Burada Rusiyanın payı nədir? Bizə nə zərbə dəyə bilər? Qarabağdakı xirstian irsi Rusiyaya niyə verilir? Bu Alban deyilən məsələni biz çözə bilmirik, konsepsiyamız yoxdur. Dünənə qədər ciddi düşünmürdük, ancaq o irs indi bizə qayıdıb. Bəs sahibi kimdir? Kimə verəcəyik? Seçimimiz ya Vatikana təslim olmaqdır, ya da rus kilsəsinə? Deməli, burada güclü bazarlaşma olub.
"Bəs bundan sonra insan nə üçün lazım olacaq?"
- Maraqldır ki, dünyada öncə pandemiya başlayır, daha sonra iqtisadi böhran baş verir və bunun ardınca da müharibələr başlayır. Ortada tarixi təcrübələr var. Bütün bunlar təsadüf ola bilərmi?
Hətta yüz il bundan öncə də pandemiya ssenarisi işlənib. 1918-1920-ci illərdə dünyanı, əsasən Avropanı “İspan qripi” bürüdü. Bu gün bizim rahatlıqla keçirdiyimiz qrip həmin vaxt milyonlarla adamı məhv etdi. Köhnə sənaye dönəmini dağıtdılar, yeni sənaye dönəminə dönüş oldu. Amma bu, bəzi ölkələri bu qane etmədi. Ona görə də 20 il sonra II Dünya Müharibəsi başladı. II Dünya Müharibəsi hər şeyi həll elədi. Belə deyək ki, bu kritik dönəm 1914-cü ildən 1940-ci llərin sonuna qədər davam etməli oldu. 1920-ci illərin sonunda ABŞ-da depressiya hökm sürürdü, bunun fonunda isə SSRİ intibah mərhələsini yaşayırdı. Kimsə düşürdü, kimsə qalxırdı. Bu ürəyin klapanları kimi çox gözəl idarə olunurdu. Biri qazananda o biri itirməlidir, sonra da itirən qazanmalıdır. İndi də bu pandemiya 4-cü sənaye inqilabının yeni mərhələsidir. Bəs bundan sonra insan nə üçün lazım olacaq? Bu, çox böyük fəlsəfi-humanizm problemidir. Ümumiyyətlə, bu yeni sənaye inqilabı nəyə lazımdır? Bütün bunlara cavab tapılmalıdır. Ancaq əfsuslar olsun ki, bu da müharibəsiz alınmır.
"Ordu əsas və birinci faktorudur. Nə qədər ağıllı olsaq da, nə qədər pulumuz olsa da, birinci bizə gücümüzə görə baxacaqlar"
- Müharibə bizə təcrübə qazandırdı, Gücümüzü də gördük, boşluqları da. Bundan sonra Azərbaycanın zəif olmağa haqqı yoxdur. Güclü ideologiya, daha böyük iqtisadiyyat və daha güclü ordu qurmalıyıq. İdeoloji baxımdan nələrə diqqət etməliyik?
- Çox ciddi problemə toxundunuz. Açığı, bu problemin həllini bilmirəm. Yalandan aldatmaq olmaz. Ancaq nəyə görə bilmirəm, onu izah edim. İdeologiyanı formalaşdıran mərkəzləri görmürəm. Əgər varsa, onlardan gələn siqnalları biz - düşünən bir toplum onu niyə hiss etmirik? Düstür yox, konsepsiya yox. Bizim 44 günlük savaşdakı qalibiyyətimiz birinci mərhələdir, biz bundan sonra daha güclü düşmənlər qazandıq. Ordumuz daha güclü olmaldır. Gələcəyimizə milli dövlətlərin qorunması prizmasından baxa biləcəyikmi? BMT nin qərarları və bizə cızılan sərhədlərmi bizə imkan verəcək ki, dünənki - 2020-ci ilin qalibiyyətini qoruyaq? Bu, böyük bir sualdır. Bizim atdığımız böyük addım təkcə ərazi bütövlüyümüzün bərpası deyil. Regionda və digər ölkələrdə çoxlu məsələr dəyişdi. Balaca və vacib bir nöqtənin alınması ilə Azərbaycan çoxlarının oyunlarına diskomfort gətirdi. Bəs biz özümüz bunu anlayırıqmı? Sözsüz ki, ordu əsas və birinci faktordur. Nə qədər ağıllı olsaq da, nə qədər pulumuz olsa da, birinci bizə gücümüzə görə baxacaqlar. Ağıllı olub saatlarla danışa bilərsən, amma heç bir siyasi çəkin olmaya bilər. Çünki gücün yoxdur. Pulun da ola bilər, amma gücün olmasa, pulunu da əlindən alacaqlar. Ona görə də ordu elə bir elementdir ki, bizə qulaq asmağa məcbur olacaqlar. Ordu yoxdursa, istənilən danışıqlar da mənasız olur.
Müsahibəni apardı: Samir Feyruzov
Azsiyaset.com