"Putin ən yaxşı halda bu prosesi ləngidə bilər" - Sərdar Cəlaloğlu
“Rusiyanın Qarabağda “sülhməramlı” adı altında fəaliyyəti onun büdcəsi üçün əlavə ağır yükdür”
Rusiya ABŞ və NATO-dan konkret təhlükəsizlik zəmanəti isəyir, həm də rəsmi şəkildə. Xüsusilə də Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaması, hərbi alyansın şərqə doğru genişlənməsinin dayandırılması, Pribaltikadan tutmuş Polşaya qədər NATO-nun ağır silahlarının geri çəkilməsi tələb olunur. ABŞ və NATO hələlik Rusiya ilə dialoqun mümkünlüyünü dilə gətirir, ehtimal olunur ki, 2022-ci ilin yanvarından tərəflər arasında danışıqlar başlanılacaq. Bu danışıqların nəticəsindən asılı olaraq Ukrayna, Gürcüstan və digər MDB ölkələri öz siyasətlərinə yenidən baxmalı olacaqlar.
"Azsiyaset" xəbər verir ki, Azpolitika.info bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.
- Sərdar bəy, hazırda Rusiya və Qərb arasında amansız diplomatik savaş müşahidə edilir, Putin ultimatum dilində danışır, ABŞ və NATO-dan rəsmi təhlükəsizlik zəmanəti tələb edir və bunun təcili verilməsini istəyir. Sizcə, Moskva bununla nəyə nail olmağa çalışır?
- Əvvəla, onu deyim ki, Rusiyanın Gürcüstan və Ukraynanın NATO ilə əməkdaşlığından ciddi narahat olması şişirdilib. Əslində, Rusiyanın daha böyük maraqları var və bu ad altında Qərbdən müəyyən güzəştlər qoparmaq istəyir. Bu dəqiqə Qərb və Rusiya arasında 1950-ci illərdə müşahidə olunan “Soyuq müharibə” gedir. Bəyanatlar, sözlər səviyyəsində qarşılıqlı hücumlar “Soyuq müharibə”nin təzahürüdür. Hesab edirəm ki, daha ciddi toqquşmanın qarşısını almaq üçün proses bu formada inkişaf edir. Qərb və Rusiya arasında hərbi toqquşma olmasın deyə, kontaktlar saxlanılır, diplomatik kanallar işləyir. Doğrudur, Gürcüstan öz yerində, Ukraynanın Qərblə yaxınlaşması, NATO-ya üzv olmaqla bağlı inadkar mövqeyi Rusiyanın təhlükəsizliyinə ciddi zərbədir. Ukrayna Moskvadan olduqca yaxın məsafədədir, bu ölkələrin böyük sərhədi var. Müəyyən mənada dövlət təhlükəsizliyi baxımından Rusiyanın qayğılarını başa düşmək olar. Bu səbəbdən Rusiya özünün qlobal təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atır. Həm də Rusiyaya qarşı indi ciddi sanksiyalar var, ölkə təzyiq altındadır.
Rusiyanın son davranışları da Qərbə təzyiqdir və həm də siyasi alverdir. Mümkündür ki, NATO-nun şərqə doğru genişlənməsi müqabilində Rusiyanın da Yaxın Şərq, Kuba və ya hansısa bölgədə fəaliyyətinə Qərb qeyri-rəsmi razılıq versin. Rusiya sadəcə çalışır ki, alver etsin, müəyyən bölgələrdə onun təsir dairəsinin varlığını ABŞ və NATO-ya qəbul etdirsin. Mənim fikrimcə, Putinin apardığı işlərin mahiyyəti budur. Əgər NATO Gürcüstan və Ukraynaya doğru gəlirsə, Rusiya da Yaxın Şərq və ya Cənubi Amerikada, mümkündür ki, Afrikada müəyyən üstünlüklər əldə etsin.
- Razılıq əldə olunmasa proseslər hansı istiqamətdə inkişaf edə bilər?
- Hazırkı silahlanma şəraitində iri miqyaslı müharibələrin olması mümkün deyil. Çünki bu, yalnız ağılsız insanların ata biləcəyi addım olardı. Nə ABŞ, nə Rusiya, nə də NATO belə bir addımı atmaz. Problemin kuliminasiya nöqtəsinə çatacağı təqdirdə tərəflər geriyə addımlar atacaqlar. Biz bunun şahidi olacağıq. Hər halda mən burada ABŞ və Rusiyanın toqquşmasını görmürəm. Co Bayden deyir ki, Rusiya ilə vuruşmayacağıq, amma olduqca ağır iqtisadi sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalar da dövlət kimi Rusiyanı çökdürəcək. Bu baxımdan Putinin Ukraynada nə qədər marağı olursa-olsun, belə bir riski göz altına ala bilməz. Deməli, sonda məsələ alver masasına gələcək və ruslar da başqa regionlarda hansısa güzəştlər qoparmağa çalışacaqlar.
- Zamanında SSRİ də ABŞ-a, Qərbə qarşı eyni üsullardan, ritorikadan istifadə edirdi...
- Təbii ki, Rusiyanın indiki davranışları həm də ölkə daxilindəki vəziyyətlə əlaqədardır. Rusiya daxilində mərkəzdən qaçma meylləri, ciddi iqtisadi problemlər var, Putin hakimiyyətinə qarşı, üzdə görünməsə də, ciddi müxalifət formalaşıb. Belə situasiyalarda olan dövlətlər xarici intervensiyalardan daxildəki durumu nəzarət altına almaq üçün istifadə edirlər. İndiki halda Putinin xariclə bağlı aqressivliyi həm də daxildəki gərginliyi nəzarətə almaq cəhdəri ilə bağlıdır. O dövrdə də SSRİ dağılmamaq üçün Əfqanıstana hərbi müdaxilə etdi, amma imperiyanın dağılmasının qarşısını ala bilmədilər. Proseslər təbii şəkildə inkişaf edir, süni yollarla onun qarşısını almaq mümkün deyil. Putin ən yaxşı halda bu prosesi ləngidə bilər. İndiki halda atdığı addımların hamısı da bununla əlaqəlidir. Qərb zamanında SSRİ-ni hansı prinsiplə dağıdıbsa, eyni metodla da hərəkət edir. O dövrdə SSRİ silahlanmaya, “ulduz müharibələri”nə hazırlığa cəlb edildi. Nəticədə, çökdü. İndiki halda da Rusiyanın Ukraynada, Suriyada, Liviyada, Gürcüstanda, Moldovada müharibə aparması, Aralıq dənizində ordu saxlaması, ABŞ yaxınlığında hansısa qüvvələrinin olması, habelə Sakit okeanda bazalarının mövcudluğu faktiki olaraq, milyardlar hesabına başa gəlir. Onsuz da ölkədə iqtisadi vəziyyət çətindir. Belə halda silahlanmaya, orduya köklənən Rusiya həm də maliyyə itkilərinə görə uduzur. Bu, Qərbin metodudur. Özlərini elə göstərirlər ki, guya Rusiya ilə bacarmırlar, Moskva istədiyini edir, hara gəldi müdaxilə edir, girir. Habuki hər bir yeni xarici müdaxilə Rusiyanın məhvini yaxınlaşdırır. Elə Rusiyanın gəlib Qarabağda “sülhməramlı” adı altında fəaliyyət göstərməsinin özü bu ölkənin büdcəsinə əlavə ağır yükdür. Mənə elə gəlir ki, Qərb ona görə Ukraynanı aktiv müdafiə etmir ki, Rusiya şirniklənərək irəli getsin, müəyyən addımlar atsın. Nəticədə, elə öz addımları sayəsində də məhv olsun.
- Axı, Qərb Ukrayna məsələsində Rusiyanın qarşısından geri çəkilsə, Moskvanın iştahı daha da artacaq...
- Məqsəd də elə budur. Məqsəd Ukraynanı taleyin ümidinə buraxmaq deyil, Rusiyanı şirnikləndirmək, daha irəli getməsinə nail olmaqdır. Yəni Rusiyanın yanlış addımlar atmasına çalışırlar ki, onu dağıtmaq mümkün olsun.
- Demək istəyirsiniz ki, “qurbanlıq keçi” Ukraynadır?
- Əvvəla, biz nəzərə almalıyıq ki, Rusiyanın qarşısından qaçmaq Qərb üçün fəlakət, ölüm deməkdir. İkincisi, Qərb öz iqtisadi potensialına görə nədən Rusiyanın qarşısından qaçsın ki? ABŞ və Qərbin ümumi iqtisadi potensialı Rusiyanın potensialından on dəfələrlə yüksəkdir. ABŞ-ın təkcə hərbi büdcəsi az qala Rusiyanın dövlət büdcəsi qədərdir. Bu halda Vaşinqton niyə Moskvanın qarşısından qaçsın? Sadəcə olaraq, özünü belə göstərir ki, Rusiyanı həvəsləndirsin.
- Deməli, Qərbin məqsədi Rusiyanı çökdürmək, dağıtmaqdır?
- Qlobal siyasətdə Krımın ilhaqı və Donbasın işğalı əslində Rusiyanın dağıdılması baxımından çox kiçik qurbanlardır. Üstəlik, qurbanları Qərb vermir, başqa dövlətlər və xalqlar verir. Başqa xalqların qurban verilməsi üzərində isə Rusiya ilə bağlı uzunmüddətli planlar həyata keçirilir.
- Doğrudanmı, Qərbin düşüncə mərkəzləri Vladimir Putinin SSRİ-yə oxşar hansısa dövlət qurmaq niyyətinə ciddi yanaşır və məhz bu səbəbdən də onun üzərinə gedirlər?
- Yox. Qərb bilir ki, Rusiyanın SSRİ-yə oxşar ittifaq yaratması iddiası sadəcə gülüncdür və bunun perspektivi yoxdur. Buna inanmağın özü də ayıbdır. Bu gün Rusiyanın Belarusla birgə olması belə, hansısa ittifaqın göstəricisi deyil. Qərbdə bunu yaxşı başa düşürlər. Amma Qərb Rusiyanın davranışlarından narahat deyil. Onun davranışları da göstərir ki, Rusiya ilə bağlı ciddi əndişəsi yoxdur.
- Qayıdaq Prezident Putinin ultimatumuna. ABŞ və NATO-nun bu tələbləri qəbul edəcəyi inandırıcıdırmı?
- Qətiyyən. ABŞ bir yana, bununla bağlı Avropa İttifaqının da mövqeyi var. Bu yaxınlarda Avropa İttifaqının rəsmisi dedi ki, biz Rusiyanın şərtlərini qəbul edə bilmərik, amma Moskva ilə müzakirələr aparmağa hazırıq. Rusiyanın istəyi ilə deyil... Moskva çox şey istəyə bilər. Qərb onunla sadəcə olaraq alver edəcək. Daha doğrusu, nəyisə müzakirə edəcək, amma razılaşmayacaq. Ukrayna Qərb və NATO üçün qeyri-adi dərəcədə strateji əhəmiyyətə malikdir. Gürcüstan da eyni şəkildə. Üstəlik, Rusiya getdikcə zəifləyir. Bunu da nəzərə almaq lazımdır.
- Rusiyanın zəifləməsi və bu fonda aqressivləşməsi onun qonşularını təhlükə qarşısında qoymurmu?
- Bu, qaçılmazdır. Əlbəttə, bunun təsirləri olacaq. Amma tarixin çarxını heç kəs dayandıra bilməz. Zənnimcə, Rusiya elə bir aqressiv addım atmayacaq, əslində, buna imkanı da yoxdur. Sadəcə olaraq öz simasını və maraqlarını qorumaq üçün müəyyən cəhdlər edəcək. Bu cəhdlər isə bizim başa düşdüyümüz kimi nəhəng nəticələri olan cəhdlər olmayacaq. Odur ki, “Soyuq müharibə” davam edəcək.
Çox qəribədir ki, bu prosesdə Rusiyanın heç müttəfiqi də yoxdur. Rusiya, sadəcə olaraq qlobal siyasətdə yerdəyişmələrdən istifadə edir. Məsələn, ABŞ-Türkiyə qarşıdurmasından istifadə edir, eləcə də Çinə qarşı ABŞ-ın təzyiqlərindən yararlanaraq, müəyyən dərəcədə öz ətrafında təhlükəsizlik kəməri və əməkdaşlıq zonası yaratmağa çalışır. Belədə hamı bilir ki, Rusiya ən etibarsız müttəfiqlərdən biridir.
- Amma indi Qərbin də kollektiv mövqeyi yoxdur. Fransa və Almaniya kimi nəhənglər faktiki olaraq fərqli siyasət aparır. Bunun özü Qərb üçün təhlükə və Rusiya üçün “göydəndüşmə” vəziyyət deyilmi?
- II Dünya Müharibəsi zamanı da Qərb ölkələrinin hamısı eyni mövqedə deyildi, amma sonradan onlar eyni platformada dayandı və Hitlerə qarşı cəbhə açdı. Sadəcə, biz indi proseslərin o nöqtəsində deyilik ki, qəti və son qərarlar qəbul edilsin. Hələlik, proseslər gedir. Təcrübədə “Soyuq müharibə” real müharibədən sonra başlamışdı. İndiki halda əgər tərəflər “Soyuq müharibə”dən başlayıbsa, deməli, odlu-alovlu müharibə olmayacaq. Mənim fikrimcə, indi tərəflər özünün ümdə maraqlarını təmin etməyə çlışacaq. Məsələn, Ukrayna ilə bağlı Rusiya güzəştli addımlar atacaq. Qərb də Rusiyanın hansısa regionlarda maraqlarına problem yaratmayacaq.
- Əgər Qərb dediyiniz kimi belə güclüdürsə, nədən Ukrayna və Gürcüstanı NATO-ya qəbul etmir?
- İndi Qərb bu ölkələri Rusiya ilə münaqişə vəziyyətində NATO üzvlüyünə qəbul edərsə, hərbi ittifaq mexaniki olaraq Rusiya ilə hərbi münaqişə vəziyyətinə keçəcək. Ona görə də buna getmirlər. Münaqişələr həll edilməlidir ki, bu ölkələr NATO-ya üzv olsunlar. Siyasətdə bütün detallar nəzərə alınır. Əlbəttə, Rusiyanın da davranışları nəzərə alınır və diqqətlə izlənilir.