Azərbaycanı bölən müqavilənin gizlinləri... - MÜSAHİBƏ
“Çar Rusiyası, daha sonra Sovet Rusiyası Azərbaycanın digər ərazilərini ələ keçirmək üçün müxtəlif yollardan istifadə etmişdi. Məsələn, İkinci Dünya Müharibəsinin əvvəlində sovet qoşunları Cənubi Azərbaycana daxil olmuşdu. O dövrdə ABŞ, İngiltərə və Rusiya arasında bağlanan müqaviləyə görə, müharibə bitdikdən ən geci iki ay sonra qoşunlar Cənubi Azərbaycandan çıxmalıydı. Lakin amerikalılar və ingilislərdən fərqli olaraq, sovet qoşunları burada qaldı. Əslində, Şimal və Cənub torpaqlarımızın birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. Açığı, həmin dövrdə Sovet İttifaqının təsir zonasına daxil olsaydı, SSRİ dağıldıqdan sonra Bütöv Azərbaycan yarana bilərdi”.
"Azsiyaset" xəbər verir ki, tarixçi-alim Əziz Boranın teleqraf.com-a müsahibəsini təqdim edir:
- Qacar və Rus imperiyaları arasında Azərbaycanın bölünməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanmasından 194 il ötür. Sizcə, belə bir müqavilə hansı şərtlər daxilində imzalandı və bundan qaçmaq mümkün idimi?
- Azərbaycan tarixində çox faciəli müqavilələr imzalanıb ki, bu anlaşmalar nəticəsində torpaqlarımız yadellilər tərəfindən işğal olunub. Amma üstündən zaman keçdikdən sonra toparlanan xalqımız bu müqavilələrin şərtlərini ayaqlar altına ataraq, öz müstəqilliyinə yenidən qovuşa bilib. Bu müqavilələrdən ən faciəlisi Azərbaycanı Şimal və Cənuba bölən Türkmənçaydır. Bunun nəticəsində Şimal Rus İmperiyasının, Cənub isə Qacarların, indiki İranın əsarəti altına düşdü.
Bu müqavilə ilə təkcə torpaqlarımız yox, millətimiz də ikiyə bölünməklə yanaşı, xüsusən Çar Rusiyası tərəfindən işğal olunan ərazilərimiz həm də özgələrinin ixtiyarına verildi. Sanki bura Çar Rusiyasının “öz ata-baba torpaqları” imiş kimi, Azərbaycanda əvvəlcə erməni vilayəti, sonra quberniyası, daha sonra isə Ermənistan adlı qondarma, əslində Qafqazın qədim sakinləri olmayan, ruslar tərəfindən siyasi məqsədlər üçün bura yerləşdirilmiş bir millətə dövlət yaratdılar.
Bu torpaqların bir hissəsi - Borçalı və digər ərazilər Gürcüstana, Dərbənd, Qasımkənd və digər torpaqlarımız isə Rusiya Sovet Federativ Sosialist Respublikasına (RSFSR) verildi. Beləliklə, təxminən 150 min kvadrat kilometrlik torpaqlarımızın təqribən yarısı yadelli işğalçılar tərəfindən özünə və onlara sərf edən xalqlara “peşkəş” verildi. Nəticədə Azərbaycan əraziləri 86.6 min kvadrat kilometrə qədər kiçildi.
Əlbəttə, bunları deyərkən, kiməsə qarşı torpaq iddiası irəli sürmək və sərhədlərin dəyişdirilməsi fikrindən uzağıq. Çünki bu gün BMT tərəfindən tanınmış dövlətlərin bəlli sərhədləri var. Lakin biz bunu deməklə tariximizin həqiqətlərini gənclərimizin yadına salırıq. Eləcə də Azərbaycan torpaqlarında özgələr üçün dövlət qurulduğunu xatırladırıq.
Təbii ki, Nadir Şahın vəfatından sonra Azərbaycan xanlıqlara parçalanmışdı. Əslində, xanlıqlara parçalanma feodallıqlara bölünmə kimi də qeyd oluna bilər. Deyim ki, feodallıqlara parçalanma dünyanın bütün xalqlarının, məsələn, İngiltərə, Fransa, Almaniya, İtaliya və Rusiyanın da tarixində baş verib. Lakin Azərbaycandakı olaylarla bu ölkələrdəki feodallıqlara parçalanma arasında oxşarlıqlarla yanaşı, fərqli cəhətlər də var.
Fərqli cəhətlərdən biri, xüsusən XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Səfəvi dövlətində və regionumuzda baş verən ictimai-siyasi proseslərlə bağlıydı. Bu proseslər nəticəsində bir sıra bəylərbəyliklər artıq Səfəvi dövlətini qəbul etmirdilər. Azərbaycan da həm ticarət yollarından kənarda qaldığına, həm də Səfəvilərin yarandığı ilk dövrlərdən fərqli olaraq, indi imperiyanın mərkəzi yox, ucqarına çevrilməsi və bu səbəbdən sosial-iqtisadi inkişafdan qaldığına və sıxışdırıldığına görə yenidən müstəqillik uğrunda mübarizə prosesi başladı. Buna görə də, həm Cənubi, həm də Şimali Azərbaycanda 20-yə qədər müstəqil xanlıq yaranmışdı.
Cənubda urmiyalı Fətəli Xan, şimalda qubalı Fətəli Xan, eyni zamanda, Hacı Çələbi və qarabağlı İbrahimxəlil Xan bu xanlıqların birləşdirilməsinə cəhd göstərdilər, amma bu səylər müxtəlif səbəblərdən uğursuzluğa düçar oldu. Təəssüf ki, Azərbaycanı birləşdirmək mümkün olmadı. Eləcə də, XIX əsrin əvvəlində - 1803-04-cü illərdə Rus-Azərbaycan savaşı başladı. Rus İmperiyası bu savaşın gedişində əvvəlcə Car-Balakən və Gəncəni işğal etdi. Bu işğal da 1804-13-cü illərdə Qacar-Rus savaşına səbəb oldu, 1813-cü ildə Gülüstan müqaviləsinin imzalanması ilə başa çatdı.
Qacarlar bu torpaqların əldən çıxmasını özünə təhlükə kimi görürdü. Ona görə də hələ Ağaməhəmməd şah Qacarın dövründə yenidən birləşdirilməyə cəhd göstərilmişdi. Amma Rusiya işğalının buna mane olduğunu yaxşı bilirdi. Bu səbəbdən də, eyni zamanda, digər amillərin də təsiri ilə 1826-1828-ci illərdə ikinci Rus-Qacar savaşı başladı.
Yeri gəlmişkən, ikinci savaşdan əvvəl tariximizdə Ümummüsəlman qiyamı adlanan hadisələr baş vermişdi. Təəssüf ki, bu qiyam da uğursuzluqla nəticələndi. 1819-26-cı illərdə isə Çar Rusiyası bağladığı andlı müqavilələrin əksinə olaraq, həmin anlaşmaları kobud şəkildə pozaraq xanlıqları ləğv etdi və Azərbaycanda olduqca qəddar hərbi idarəetmə sistemi olan komendant üsul-idarəsi yaratdı. Türkmənçay müqaviləsi belə bir zəmində imzalandı.
Bu 16 maddəlik müqavilənin ən ağrılı tərəflərindən biri 12-15-ci müddəalardır ki, bunlar da həm Çar Rusiyasına müqavimət göstərmiş adamların cəzalandırılması və onlara heç bir güzəştin edilməməsi, həm də ermənilərin Azərbaycana köçürülərək, burada yerləşdirilməsi ilə bağlıydı.
Beləliklə, xalqımız ikiyə bölündü və torpaqlarımız parçalandı. Bu azmış kimi, Azərbaycan xalqına yadelli olan erməni toplumu burada yerləşdirildi. Halbuki onların özləri də deyirdilər ki, şah çörəyindənsə, rus otunu yemək daha yaxşıdır. Belə bir əxlaqsız dünyagörüşə malik olan, bütün tarix boyu türk hökmdarlarının hakimiyyəti altında salamat qalan, din və mədəniyyətlərini sərbəst inkişaf etdirən bir millət Azərbaycana köçürüldükdən sonra yerli xalqa qarşı düşmən kəsildi. Biz bu düşmənçiliyin nəticələrini bu gün də yaşayırıq.
- Xalqın bu bölünməyə qarşı mübarizəsi olmuşdumu, ümumən o dövrdə Azərbaycanda müstəqillik ideyası formalaşmışdımı?
- XIX əsrin 30-cu illərində Çar Rusiyasının işğalçılıq siyasətinə qarşı müxtəlif ərazilərdə üsyanlar olmuşdu. Bunlar bəzən “kəndli üsyanları” adlandırılsa da, rus müstəmləkəçilik sisteminə qarşı olan üsyanlar idi. Amma bu üsyanlarda bütövlükdə müstəmləkəçiliyə son qoyub, yenidən müstəqil dövlət qurmaq istəyi yox idi.
Amma XIX əsrin 70-ci illərindən, xüsusilə 1875-ci ildən Azərbaycanda Milli Azadlıq Hərəkatı başladı. Bu Milli Azadlıq Hərəkatı 1875-ci ildən 1991-ci ilə qədər olan böyük dövrü əhatə etmişdi. Aparılan bu ağır, məşəqqətli və şərəfli mübarizədən sonra müstəmləkəçiliyə son qoymaq, dağılmış xanlıqların yerində müstəqil Azərbaycan Cümhuriyyətini qurmaq mümkün oldu.
- Bəs Cənubi Azərbaycanda bu, niyə mümkün olmadı?
- Təəssüf ki, Cənubi Azərbaycan Səttar Xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında üç dəfə böyük mücadiləyə qalxsa da, nəinki müstəqil, hətta muxtar hüquq əldə edə bilmədi. Şimali Azərbaycanda müstəmləkəçilik sistemindən müstəqilliyin əldə edilməsi prosesi dörd mərhələdən ibarət olmuşdusa, amma bu prosesin hələ Cənubi Azərbaycanda beşinci mərhələdə olduğunu deyə bilərik, çünki orada xalqımız muxtar hüquqlarına belə nail ola bilməyiblər.
- Bəs Rus İmperiyasının Cənubi Azərbaycana iddiası vardımı, oranı niyə Qacarlardan istəmədi?
- Deyim ki, məcburiyyət qarşısında qaldı. Həmin dövrdə Araz çayı təbii sərhəd qəbul edilmişdi, burada uzunmüddətli möhkəmlənmək planı qurulmuşdu. İkincisi, özünə məxsus olmayan torpağın bir hissəsini bugünkü İranın nəzarətində qalmasını təmin etmişdi, bunun da səbəbi vardı. Hər ikisi – həm Rusiya, həm də İran Azərbaycanın müstəqil olmasının və birləşməsinin qarşısını almaq üçün təbii müttəfiqə çevrilmişdi. Aralarında ziddiyyətlərin olmasına baxmayaraq, Azərbaycanın azad olmasının qarşısını almaq məsələsində çox asanlıqla birləşə bilirdilər.
Çar Rusiyası, daha sonra Sovet Rusiyası Azərbaycanın digər ərazilərini ələ keçirmək üçün müxtəlif yollardan istifadə etmişdi. Məsələn, İkinci Dünya Müharibəsinin əvvəlində sovet qoşunları Cənubi Azərbaycana daxil olmuşdu. O dövrdə ABŞ, İngiltərə və Rusiya arasında bağlanan müqaviləyə görə, müharibə bitdikdən ən geci iki ay sonra qoşunlar Cənubi Azərbaycandan çıxmalıydı. Lakin amerikalılar və ingilislərdən fərqli olaraq, sovet qoşunları burada qaldı. Əslində, Şimal və Cənub torpaqlarımızın birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. Açığı, həmin dövrdə Sovet İttifaqının təsir zonasına daxil olsaydı, SSRİ dağıldıqdan sonra Bütöv Azərbaycan yarana bilərdi. Bununla bağlı maraqlı materiallar dərc olunub. Eyni zamanda, Mircəfər Bağırov haqqında xatirlərdə də, o dövrdə Moskvada bununla bağlı aparılan müzakirələr geniş şəkildə öz əksini tapıb.
Bundan başqa, 1941-46-cı illərdə İran xarici işlər nazirinin Moskva ilə apardığı danışıqlar diplomatik sənədlərdə yer alıb. Hətta həmin dövrdə yeni yaranmış BMT-də ilk dəfə Azərbaycan məsələsi müzakirə olunub. Təəssüf ki, o dövrdə ABŞ və Böyük Britaniyanın SSRİ ilə münasibətlərindəki ziddiyyət bu birləşməyə mane oldu. Beləliklə, Azərbaycanın birləşməsi gələcəyə qaldı.
- Müqavilənin 15-ci maddəsi ermənilərin İrandan Cənubi Qafqaza – Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlıydı. Düzdür, müqavilədə konkret deyilməmişdi, amma belə bir razılıq olmuşdu. Bəs erməniləri niyə bura köçürdülər: bununla əlaqədar rəsmi əsaslandırma necə idi, alt qatdakı niyyət nə idi?
- Rusiya İmperiyasının müstəmləkəçilik siyasətində köçürmə strategiyası önəmli yer tutur. Ümumiyyətlə, bütün dövrlərdə torpaqları işğal edən dövlətlər o ərazilərdə uzunmüddətli möhkəmlənmək üçün oralara özləri üçün “sosial dayaq” funksiyası yerinə yetirən insanları köçürür. Məsələn, Sasani İmperiyasında, Ərəb Xilafətində biz belə köçürülmələrə rast gəlirik. Bu prosesdə ümumi cəhətlərlə yanaşı, fərqli tərəflər də var. Məsələn, rus müstəmləkə sistemindəki köçürmələr amansızlığı və qəddarlığı ilə diqqəti çəkir.
Sasanilər bura farsdilli, ərəblər isə ərəbdilli insanları köçürsələr də, Azərbaycanda onlar üçün dövlət yaratmağı nəzərdə tutmamışdılar. Bununla yanaşı, yerli əhalini köçürüb, sürgünə göndərməmişdilər. Rus müstəmləkəsində isə bunu görürük.
1828-ci ilin mayında qədim Azərbaycan torpaqlarında – İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində erməni vilayəti yaradarkən, Rus İmperiyası gələcəkdə burada – özünün cənub sərhədlərində üstünlük təşkil edən türkləri və müsəlmanları ortadan bölmək, onlar arasındakı əlaqəni kəsmək, xristianlaşdırma və ruslaşdırma siyasətini həyata keçirmək, beləliklə, demoqrafik vəziyyəti öz lehinə dəyişdirmək üçün köçürmə siyasətindən istifadə etdi. Bu məqsədlə də erməniləri bura köçürdülər.
- Niyə məhz ermənilər?
- Əlbəttə, köçürmə siyasətində ermənilərə üstünlüyün verilməsi təsadüfi deyildi. Çünki ermənilər yerləşdikləri ərazilərdə türklərin və müsəlmanların əhatəsindəydilər. Onlar həm türklərin dilini, həm də adət-ənənələrini yaxşı bilirdilər. Ona görə də, türkləri əsarət altına almaq, onları bölmək və buradan uzaqlaşdırmaq üçün ermənilərdən istifadə etmək daha asan idi. Bu səbəbdən də, alman və ruslarla yanaşı, ermənilərin köçürülməsinə də xüsusi önəm vermişdilər.
Ermənilərin Azərbaycana köçürülməsinə hələ I Pyotrun dövründən başlanılmışdı. 1805-ci ildə Gəncə işğal olunduqdan sonra Sisyanov buna faktiki olaraq start vermişdisə, Türkmənçay müqaviləsi, daha sonra Ədirnə anlaşması ilə bunun üçün “hüquqi əsas” əldə etdilər. Bu müqavilələrdən sonra bölgəyə 120-130 min erməni köçürüldü. Türklərin buradan zorla çıxarılaraq, ermənilərin yerləşdirilməsi prosesi sovetlər dönəmində də davam etmişdi.
Təsəvvür edin ki, bunun sayəsində təkcə 1917-ci ilin sonlarında Azərbaycanda yaşayan əhalinin təxminən 40 faizə qədəri qeyri-azərbaycanlı idi. Bunun 33 faizini ermənilər, 6 faizdən yuxarısını ruslar, 1 faizini isə alman və digər millətlər təşkil edirdi. Rusiya demoqrafik vəziyyəti öz xeyrinə dəyişsə də, burada ruslaşdırma və xristianlaşdırma həyata keçirə bilmədi.
Xoşbəxtlikdən Azərbaycan xalqı mədəni cəhətdən rus təsirinə məruz qalmadı. Eyni zamanda, Cənubi Azərbaycanda sayca bizdən çox, ərazicə bizdən böyük olan əhali muxtariyyət yarada bilmədiyi halda, Şimaldakı xalqımız Milli Azadlıq Mübarizəsinə qalxaraq, müstəqil dövlətimizi qura bildi.