Livan üçün çətin sınaq: Qərbin Beyruta Hizbullah şərti - TƏHLİL

08 avqust, 2020 12:33

Fransa prezidenti Emmanuel Makron Livanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı iddiaları rədd edib. Beyrutda Fransanın BFMTV kanalına müsahibə verən Makron Livan hakimiyyətinə əmr vermədiyini, Livanın daxili işlərinə müdaxilə etmədiyini deyib.

Sitat: “Qardaşlıq və yardımdan söhbət gedir. Çoxtərəflilik və Livan xalqının maraqlarına inanan Fransa üzərinə düşəni etməzsə, iranlılar, türklər, səudiyyəlilər və regiondakı digər güclər Livanın daxili işlərinə müdaxilə edəcək. Həmin ölkələrin bəziləri bunu Livan xalqının əleyhinə, öz geosiyasi və iqtisadi maraqları üçün edəcəklər”.

Makron Livanda prezidentin dəyişmək istəmədiyini, ancaq azad, suveren və qürurlu bir Livana hörmət etdiyini deyib. O qeyd edib ki, xalq narazıdır, çünki son aylarda Livanda vəziyyət çox pis istiqamətdə dəyişib. Eyni zamanda, Fransa prezidenti qarşıdakı üç həftənin Livan üçün həlledici olacağını bildirib.

Xatırladaq ki, Fransa prezidenti Makron avqustun 6-da Livana səfər edərək Beyrutu gəzib, partlayış baş vermiş ərazini müşahidə edib. Eyni zamanda, prezident sarayında Prezident Mişel Aun, Baş nazir Həsən Diyab və məclis sədri Nəbih Berri ilə görüşüb. Makron Livana kömək edəcəklərini, eyni zamanada, ölkədə siyasi islahatlara ehtiyac olduğunu deyib.

Bəzi media orqanlarında isə Makronun Livana dəstək qarşılığında şərtlərini irəli sürməsi barədə məlumatlar yayılıb. İddia olunur ki, Makron Hizbullahın qüvvələrini Beyrutdan çıxarması, Livana beynəlxalq sülhməramlıların yerləşdirilməsi, Beyrut beynəlxalq hava limanı, cənubda İsraillə sərhəd kimi strateji nöqtələrə yenidən sülhməramlıların yerləşdirilməsi və Hizbullahın buradan çıxarılması, parlamentin və hökumətinin dərhal istefaya göndərilib növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi kimi tələblər irəli sürüb.

Fransa prezidenti bir neçə saat sonra bu iddiaları təkzib etsə də, qarşıdakı üç həftənin Livanda həlledici olacağını deməsi, Livan ətrafında ciddi siyasi proseslərin hazırlandığını göstərir.

Makron, həmçinin, Beyrutda bildirib ki, yaxın günlərdə Livana yardımla bağlı beynəlxalq konfrans keçiriləcək. Artıq məlum olub ki, Parisdə keçiriləcək Livana dəstək konfransında ABŞ Prezidenti Donald Tramp da iştirak edəcək.

Avqustun 7-də isə Hizbullah lideri Həsən Nəsrullah yerli televiziyada çıxış edib. Beyrut limanında partlayış barədə danışan H.Nəsrullah Hizbullahla bağlı ittihamlara cavab verib. O, partlayışın Hizbullahla heç bir əlaqəsinin olmadığını, limana Hizbullahın nəzarət etmədiyini, partlayış baş verən anbarın Hizbullaha məxsus olmadığını deyib.

Livanda birliyə çağırış edən Hizbullah lideri təşkilatına qarşı ittihamlara cavab verməyəcəklərini, əsas diqqətin Beyrutun yenidən bərpasına yönəldəcəklərini bildirib. Həsən Nəsrullah Fransa prezidentinin Beyruta səfəri ilə bağlı müsbət çıxış edib, Makronun Beyruta gəlməsini təqdir edib, lakin məlum təkliflərə münasibət bildirməyib. Lakin sonda tərəfdarlarına üz tutaraq, Hizbullaha qarşı daha əvvəl də planların olduğunu, ancaq bu planların heç birinin uğur qazanmayacağını deyib.

Xatırladaq ki, avqustun 4-də Beyrut dəniz limanının 12 nömrəli anbarında baş verən partlayış nəticəsində, son məlumata görə, 154 nəfər ölüb, altı mindən çox yaralı var. Partlayışdan sonra diqqət Livandakı daxili siyasi-iqtisadi vəziyyətə yönəlib.

Məlum olduğu kimi, Livanda bir ilə yaxındır siyasi gərginlik davam edir. Ötən ilin payızında hökumətin vergi siyasətinə etirazlar baş verib və nəticədə, oktyabrda “Mustəqbəl” Hərəkatının lideri Səəd Həririnin rəhbərlik etdiyi Livan hökuməti istefaya gedib.

Bu ilin yanvarında isə Hasan Diyabın liderliyi ilə yeni hökumət kabineti Hizbullahın liderlik etdiyi “8 mart” siyasi hərəkatı formalaşdırıb, 20 nəfərlik kabinetdə Hizbullah və müttəfiqlərinin 12 üzvü (yerdə qalanlar digər müttəfiq siyasi qrupları təmsil edir – K.R.) var.

Təbii ki, bu vəziyyət ABŞ və Avropa ölkələrini, o cümlədən, İsrail və regionun İranla rəqib olan ərəb dövlətlərini narahat edir. 2018-ci ildə ABŞ prezidenti bəyan edib ki, İranın Yaxın Şərqdəki fəaliyyəti, terror təşkilatlarına yardımlarının qarşısını alacaqlar.

İranın Yaxın Şərqdə əsas müttəfiqi isə Hizbullahdır. İsrail hesab edir ki, İran Hizbullah vasitəsilə Livana və Fələstinə silah, raketlər göndərir. Fələstindəki qrupları silahlandırır. Buna mane olmaq üçün isə Hizbullahın zəiflədilməsi, daha dəqiq desək, Livan siyasi səhnəsindən çıxarılması və silahsızlaşdırılması lazımdır.

2006-cı il müharibəsində Hizbullahın hərbi qanadı regionun ən güclü ordularından biri hesab olunan İsrail ordusuna qarşı ciddi müqavimət göstərdi. Suriyada vətəndaş müharibəsinin taleyini də böyük ölçüdə Bəşər Əsədin xeyrinə dəyişən məhz Hizbullahın 2013-cü ildə Suriyaya hərbi güc göndərməsi oldu. Bütün bu faktorlar və hər an baş verə biləcək İsrail-Fələstin qarşıdurması Hizbullah riskini yüksək tutur.

Məsələ ondadır ki, Livanda vətəndaş müharibəsinin başa çatması ilə bağlı 1989-cu ildə Səudiyyə Ərəbistanının Taif şəhərində imzalanmış razılaşmaya əsasən, Livanda digər bütün qruplar silahını təhvil verib. Yalnız Hizbullah Livanda silahlı qüvvə saxlamaq hüququnu qoruyub. Digər tərəfdən, son illərdə siyasi mövqelərini gücləndirən Hizbullah Livan siyasətinin aktiv iştirakçısıdır.

2019-cu ildə keçirilən seçkilərin nəticələrinə əsasən, 128 nəfərlik Livan parlamentində Hizbullahın 12 deputat mandatı var. “8 mart” koalisiyasına rəhbərlik edən Hizbullah faktiki olaraq siyasi səhnənin söz sahiblərindən biridir.

Bu təşkilatın siyasi və hərbi fəaliyyəti ilə yanaşı, digər sahələrdə də ciddi fəaliyyətləri var. Livanda Hizbullahın səkkiz xəstəxanası, 24 klinikası, 32 məktəb və digər yardım fondları, ictimai və sosial quruluşları var. Hazırda Hizbullaha İranla yanaşı, Avropa, Latın Amerikası ölkələrindən də maliyyə dəstəyi göstərilir. Təşkilatın Latın Amerikası, Afrikada bir sıra ölkələrlə, o cümlədən, Rusiya ilə əlaqələri mövcuddur.

Görünən odur ki, Beyrut partlayışından sonra yaranmış yeni siyasi vəziyyətdə Livan siyasətində ciddi korrektələr ediləcək. Dağılmış, iqtisadiyyatı süqut etmiş Livana hazırda maliyyə yardımı lazımdır. Beyrut valisi dağıntıların bərpası üçün 15 milyarda qədər pul lazım ola biləcəyini deyib.

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalina Georgiyeva deyib ki, rəhbərlik etdiyi təşkilat Livan xalqını dəstəkləmək üçün mümkün olan bütün yolları araşdırır. BVF lideri açıq deməsə də, Livana yardım məsələsində siyasi qərar və ya razılaşma olacağına işarə edib.

Maraqlıdır ki, Makronun Beyruta gəldiyi gün Livan druzlarının liderlərindən olan Qabaqcıl Sosialist Partiyasının sədri Vəlid Cumbulat Beyrut hadisələri ilə bağlı beynəlxalq komissiyanın qurulması, ölkədə yeni seçkilərin keçirilməsi çağırışı edib. Hətta bir qrup insan Livanın yenidən Fransanın idarəçiliyinə keçməsi üçün internetdə petisiya kampaniyası başladıb. Artıq petisiyaya 60 minə yaxın insan imza atıb.

Aydın məsələdir ki, Livana böyük məbləğdə yardımlar qarşılığında Beyrutdan ciddi tələblər olacaq. Bunların başında isə Hizbullahın silahsızlaşdırılması, yeni seçkilər dayanacaq. Çünki ABŞ, Avropa İttifaqı üzvləri Livana ayrılan milyard dollarlıq yardımların Hizbullahın qurduğu koalisiya hökumətinə verilməsinə istəmir. Bu mənada, Makronun vurğuladığı kimi, qarşıdakı üç həftə Livanın siyasi taleyi ilə bağlı mühüm dövr olacaq.

Məsələ ondadır ki, daha əvvəl, məsələn, 2006-cı ildə İsrail Livana hücum edib 33 günlük müharibə zamanı Beyrutu yerlə-yeksan edəndə Livana ilk yardım edən ölkələrdən biri İran olmuşdu. Tehran Beyrutun yenidən inşa olunması üçün Hizbullah vasitəsilə Livana yüz milyonlarla dollar yardım edib. Məhz bu amilə görə Tehranın regional rəqibləri o zaman Livana böyük həcmdə yardım göndərdi. Lakin indi İranın Livana yardım imkanları xeyli dərəcədə məhdudlaşıb.

Bu səbəbdən də beynəlxalq donorların Hizbullah mövzusunda Livan dövləti qarşısında tələbləri daha sərt olacaq. Lakin Hizbullah liderinin çıxışındakı son mesajından da aydın olur ki, bu tələblərin reallaşması elə də asan olmayacaq. 

Kənan Rövşənoğlu

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları